Əliyevdən Putinə zəng: Sadəcə protokol, yoxsa münasibətlərdə "Yeni nəfəs" cəhdi? – ÖZƏL

"Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidentini ad günü münasibətilə təbrik etməsini, ilk növbədə, diplomatik protokol qaydası kimi dəyərləndirmək lazımdır. Çünki nəzərə alsaq ki, Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşməsi ötən ilin dekabr ayının sonlarından müşahidə olunmağa başlayıb, həmin dövrədək isə iki ölkə rəhbərləri arasında qarşılıqlı təbriklər ənənəvi xarakter daşıyırdı".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan Prezidentinin ad günü dekabrda, Rusiya Prezidentinin isə oktyabrda olduğuna görə ötən il bu iki lider arasında qarşılıqlı təbriklər baş tutmuşdu. Lakin dekabrın sonlarından başlayaraq münasibətlərin gərginləşməsi fonunda bu il yenidən təbrikin edilməsi, mənim fikrimcə, təkcə diplomatik etik qaydanın tələbi deyil, həm də Azərbaycan tərəfindən xoşməramlı bir jest kimi qiymətləndirilməlidir.

"Rusiyanın Azərbaycana qarşı sərgilədiyi ikili standartlar, eləcə də Azərbaycan mülki təyyarəsinin vurulması və günahsız insanların ölümü ilə nəticələnən hadisədə təqsirkarların məhkəmə qarşısına çıxarılması və ədalətli şəkildə cəzalandırılması məsələsində siyasi iradə nümayiş etdirilməsi zəruridir. Bu baxımdan, Prezident İlham Əliyevin təbrik jesti həm də iki ölkə arasında son aylarda sərinləşən münasibətlərə "yeni nəfəs" verilməsi cəhdi kimi qiymətləndirilə bilər. Eyni zamanda, bu addım Azərbaycan tərəfinin siyasi etimad jestidir ki, Rusiya bundan düzgün nəticə çıxarsın və münasibətlərin normallaşması istiqamətində real addımlar atsın", - deyə ekspert əlavə edib.

Siyasi şərhçi qeyd edib ki, bununla yanaşı, istisna deyil ki, hazırda geniş ictimaiyyətə məlum olmayan, lakin bağlı qapılar arxasında tərəflər arasında müəyyən ilkin razılaşma və ya uzlaşma mövcuddur. Ola bilər ki, Azərbaycan tərəfi münasibətlərin normallaşması istiqamətində belə bir simvolik addımı - yəni təbrik zəngini - məhz bu kontekstdə atıb. Əks halda, yəni gərginlik artan xətlə davam etmiş olsaydı, Prezident İlham Əliyev tərəfindən sadəcə təbrik məktubu göndərilməsi ilə kifayətlənmək olardı və bu, yalnız diplomatik protokolun formal yerinə yetirilməsi kimi görünərdi. Lakin bu dəfə təbrikin telefon zəngi vasitəsilə edilməsi, iki lider arasında birbaşa təmasın yaranması, münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün bir siqnal hesab edilə bilər.

"Ehtimal etmək olar ki, bu telefon danışığından sonra Azərbaycan və Rusiya arasında yeni təmaslar baş tutsun. Həmin təmaslar münasibətlərin gərginləşməsinə səbəb olan məsələlərə aydınlıq gətirə və bunun əsasında münasibətlərin normallaşması istiqamətində konkret addımların atılmasına şərait yarada bilər", - deyə siyasi şərhçi vurğulayıb.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31