Orta Dəhliz və TDT: regional sabitlik və iqtisadi birləşmənin simvolu - ÖZƏL
13:38 Siyasət"Türk Dövlətləri Təşkilatının Qəbələ Zirvəsi Orta Dəhliz layihəsinin gələcəyi baxımından strateji dönüş nöqtəsi ola bilər. Bu marşrut artıq təkcə nəqliyyat xətti deyil, türk dünyasının iqtisadi birləşməsinin simvoluna çevrilib. Layihənin inkişafı üçün ilk növbədə gömrük prosedurlarının unifikasiyası, rəqəmsal tranzit sisteminin yaradılması və vahid tarif mexanizmlərinin tətbiqi vacibdir".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:
" Üzv ölkələr arasında logistik koordinasiya mərkəzlərinin formalaşdırılması da konkret addımlar sırasındadır. Azərbaycan və Qazaxıstan bu sahədə aparıcı rol oynayaraq Xəzər üzərindən yükdaşımaların sürətini artırmaq niyyətindədir. Orta Dəhlizdə vahid elektron yük izləmə platformasının tətbiqi həm şəffaflığı, həm də tranzit müddətini optimallaşdıracaq. Bununla yanaşı, Türk İnvestisiya Fondu vasitəsilə infrastruktur layihələrinə maliyyə dəstəyi mexanizmləri də aktivləşdirilə bilər. Layihə yalnız Asiya-Avropa ticarət xətti deyil, eyni zamanda türk dövlətlərinin iqtisadi müstəqillik platformasıdır.
Naxçıvan Müqaviləsində qeyd olunan hərbi-texniki əməkdaşlıq bu gün daha real məzmun qazanır. Türkiyə və Azərbaycanın müdafiə sənayesi təcrübəsi bu əməkdaşlığın əsas dayağıdır. TDT çərçivəsində ortaq hərbi təlimlər, sərhəd təhlükəsizliyi və antiterror əməliyyatları üzrə koordinasiya mexanizmləri qurula bilər. Üzv dövlətlər üçün ortaq sülhməramlı qüvvə konsepsiyası gündəmə gətirilə bilər- bu, regional sabitlikdə mühüm rol oynayar. Müdafiə sənayesi məhsullarının birgə istehsalı və texnologiya mübadiləsi də TDT-nin gələcək strateji xəttinə daxil ola bilər. Həmçinin kibertəhlükəsizlik və hibrid təhdidlərə qarşı ortaq mərkəzlərin yaradılması aktual məsələdir. Türk dövlətlərinin silahlı qüvvələri arasında qarşılıqlı etimad formatı formalaşarsa, regionda xarici asılılıq azalacaq. Bu, həm sülh, həm də balanslı güc siyasətinin qorunmasına xidmət edəcək. Qəbələ Zirvəsi göstərir ki, TDT artıq mədəni birlikdən strateji ittifaq mərhələsinə keçir. Və bu mərhələdə Orta Dəhliz iqtisadi damar, hərbi-texniki əməkdaşlıq isə siyasi baza rolunu oynayacaq".
Zeynəb Mustafazadə