Hakan Fidan: Cənubi Qafqazda davamlı sülh üçün mühüm irəliləyiş var
13:00 SiyasətDavamlı sülh və uzunmüddətli sabitlik yalnız Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında daimi koordinasiya və əməkdaşlığın gücləndirilməsi ilə mümkün ola bilər.
Olaylar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın ev sahibliyi ilə Qəbələdə keçirilən TDT-nin 12-ci Zirvə Toplantısı öncəsində təşkil olunan TDT Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.
Türk dünyasının artıq regional tarazlıqları formalaşdıran əsas aktora çevrilməsinin vacibliyini vurğulayan Hakan Fidan TDT-nin ən böyük gücünün üzv dövlətlər arasında artmaqda olan qarşılıqlı etimad və əməkdaşlıq olduğunu qeyd edib.
Xarici işlər naziri regional və qlobal çağırışlar qarşısında daha tez-tez bir araya gələrək türk dünyasının harada mövqe tutmalı olduğunu və hansı ortaq addımların atılacağını vaxtında müzakirə etmələrinin vacibliyinə toxunaraq, TDT-nin 12-ci Zirvə Toplantısının əsas mövzusunun "regional sülh və təhlükəsizlik" olduğunu və bunun ortaq coğrafiyamızın gələcəyi baxımından əsas prioritet olduğunu bildirib.
Davamlı sülh və uzunmüddətli sabitliyin yalnız təşkilat üzvləri arasında daimi koordinasiya və əməkdaşlığın gücləndirilməsi ilə mümkün olduğuna diqqət çəkən Fidan bu hədəfə çatmağın yolunun geosiyasi məsələlərdə uyum içində hərəkət etməkdən, beynəlxalq platformalarda koordinasiya və əməkdaşlığı gücləndirməkdən və kritik məsələlərdə dünyaya vahid səslə müraciət etməkdən keçdiyini vurğulayıb.
Xarici işlər naziri 2022-ci ildə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) TDT-yə üzv olmasının Türk dünyasının birliyini gücləndirdiyini qeyd edərək, türk dünyasının ayrılmaz parçası olan Kipr türklərinin üzləşdiyi haqsız təcridlərin aradan qaldırılması və hüquqlarının tanınmasının ortaq məsuliyyət olduğunu qeyd edib.
Ortaq coğrafiyanın sabitliyi üçün həyati əhəmiyyət daşıyan Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində mühüm irəliləyiş əldə olunduğunu bildirən Fidan, Azərbaycan və Ermənistanın 8 avqustda ABŞ-ın paytaxtı Vaşinqtonda imzaladıqları Ortaq Bəyanatı məmnuniyyətlə qarşıladıqlarını bir daha qeyd edib.
Fidan əldə olunan bu irəliləyişlə bölgədə yeni nəqliyyat və rabitə xətlərinin açılmasının, tarixi İpək Yolu marşrutunun dirçəldilməsi səylərinə töhfə verəcəyini bildirib.