Qəbələ Görüşü sadəcə bəyanatlar toplantısı olmayacaq- ÖZƏL

"Qəbələdə reallaşan Türk Dövlətləri Təşkilatının (TDT) "Regional sülh və təhlükəsizlik" mövzusunda XII Zirvə Görüşü Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Nəzərə almaq lazmdır ki, Azərbaycan sözügedən təşkilatın inkişafı istiqamətində vacib addımlar atıb. Bu Zirvə görüşündə təşkilata rəhbərlik ölkəmizə keçəcək. Deməli, Azərbaycan öz prinsiplərinə sadiq qalaraq Türk dünyasının inteqrasiyası istiqamətində töhfələrini əsirgəməyəcək". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Alim Hüseynli deyib: "Çox böyük ehtimalla bu Zirvə Görüşü sadəcə bəyanatlar toplantısı olmayacaq. Görüşdə müzakirə olunacaq mövzunun mahiyyəti deməyə əsas verir ki, TDT siyasi təşkilat olaraq dünyada və regionda cərəyan edən proseslərə biganə qalmır. Məlum olduğu kimi qoca qitə türk dövlətlərinin birliyindən ehtiyat edir və onun siyasi-iqtisadi cəhətdən inkişafını arzulamır. Avropa hesab edir ki, Türk dövlətlərinin bir araya gəlməsi enerji bazarlarında və logistika dəhlizlərində Avropa dövlətlərinin təsirini azalda bilər. Məhz bu səbədən Avropa və Rusiyanın Zirvə görüşünə münasibətdə sadəcə seyrçi qismində qalacağı inandırıcı görünmür. Bu baxımdan gözlənilir ki, toplantıda mümkün təhlükə və təhdidlərin qarşısını alacaq qərarların qəbulu reallaşsın". 

Hüquqşünas qeyd edib ki, Dövlət Başçıları Şurası təşkilatın ən yüksək struktur bölməsi hesab olunur: "İldə bir dəfə təşkil olunan Dövlət Başçıları Şurası öz fəaliyyətini Tərəflərin dövlət başçılarının mütəmadi görüşləri formasında həyata keçirir. Bu çərçivədə: aktual beynəlxalq problemlərin həlli üzrə Tərəflərin qarşılıqlı əlaqəsi məsələləri nəzərdən keçirilir, TDT çərçivəsində Tərəflərin əməkdaşlığının prioritet istiqamətləri müəyyən olunur. Dövlət Başçıları Şurasının növbəti iclasını qəbul edən Tərəf DBŞ-nin sonrakı növbəti iclasınadək TDT-nin sədri kimi fəaliyyət göstərir. Qəbələ şəhərində keçirilən 12-ci Zirvə Görüşünün sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçəcək".
Xatırladaq ki, Naxçıvan müqaviləsinə görə TDT yanında müşahidəçilər və tərəfdaşlar statusu dövlətlərə, beynəlxalq təşkilatlara və digər qurumlara verilə bilər. 2021-ci ildə Türkmənistan, 2022-ci ildə Şimali Kipr Türk Respublikası TDT-yə müşahidəçi üzv qəbul olunublar. 2023-cü ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatına TDT-də müşahidəçi statusu verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31