Azərbaycançılıq ideologiyası ölkədə həmrəyliyin təmin olunmasına zəmin yaratdı- ÖZƏL
11:06 Siyasət"Ulu Öndərin iqtisadi sahədə həyata keçirdiyi strateji addımlar ölkənin gələcək inkişaf modelini müəyyənləşdirdi. 1994-cü ilin sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" Azərbaycanı beynəlxalq enerji siyasətinin aktoruna çevirdi. Bu faktorlar iqtisadi yüksəlişi təmin etməklə yanaşı, həm də ölkənin siyasi müstəqilliyinin möhkəmlənməsinə töhfə verib. Xarici sərmayələr üçün əlverişli mühitin yaradılması, bazar iqtisadiyyatına keçidin sürətləndirilməsi və sahibkarlığın dəstəklənməsi respublikanın iqtisadi dirçəlişini təmin etdi və Azərbaycanı regionda strateji enerji mərkəzinə çevirdi". "Olaylar" xəbər verir ki, bunu YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov deyib: "Heydər Əliyev dövlət idarəçiliyində hüquqi əsasların möhkəmləndirilməsini prioritet vəzifə kimi müəyyənləşdirdi. Onun təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də keçirilən referendum nəticəsində qəbul edilən Konstitusiya Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişaf yolunu təsbit etdi. Bu amillər ölkədə qanunun aliliyini təmin etdi, insan hüquq və azadlıqlarını qoruyan hüquqi çərçivə yaratdı. Hüquqi dövlət quruculuğu prosesi həm də vətəndaş cəmiyyətinin formalaşmasına zəmin hazırladı, demokratik ənənələrin təşəkkülünə təkan verdi.
Ulu Öndər Heydər Əliyev milli həmrəylik prinsiplərinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirirdi. Onun irəli sürdüyü azərbaycançılıq ideologiyası xalqı ortaq dəyərlər və məqsədlər ətrafında birləşdirərək milli birliyin əsaslarını yaratdı. Bu konsepsiya həm müstəqilliyin qorunması naminə vacib vasitə olmaqla yanaşı, dövlətçilik ənənələrinin inkişafı və gələcək nəsillərə ötürülməsi üçün strateji baza rolunu oynadı. Azərbaycançılıq ideologiyası, həmçinin, ölkənin siyasi sabitliyinin və sosial həmrəyliyin təmin olunmasına zəmin yaratdı".