Xəzər uğrunda səssiz mübarizə – Rusiya və İranın hərbi planları nəyə hesablanıb? – ÖZƏL
17:19 Siyasətİran Hərbi Dəniz Qüvvələrinin Komandanı rəsmi səfərlə Sankt-Peterburqa gəlib. Səfərin məqsədi Rusiya Hərbi Dəniz Qüvvələri rəhbərliyi ilə Xəzər dənizində əməkdaşlıq, regional təhlükəsizlik və birgə təlimlər mövzularını müzakirə etməkdir.
SEPAH-a yaxın mənbələrin yaydığı məlumata görə, İran komandanı səfər çərçivəsində həmçinin Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırır.
Xəbərin məhz SEPAH-a yaxın qurumlar tərəfindən yayılması hansı siyasi mesajı ehtiva edir?
Sankt-Peterburqda Xəzər dənizi təhlükəsizliyi mövzusunda danışıqların əsas prioritetləri nələrdir?
"Rusiyanın İranla bir çox məsələlərdə ortaq hərbi-siyasi xətt apardığı məlumdur. Bu əməkdaşlıq, təbii ki, təkcə Xəzər dənizi ilə məhdudlaşmır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçinin sözlərinə görə, İran Hərbi Dəniz Qüvvələrinin Sankt-Peterburqa səfəri də yalnız Xəzərlə bağlı deyil: "Böyük ehtimalla bu, İsrailin İrana qarşı mümkün hücumu ilə bağlı müzakirələr və ya Xəzər dənizində İranın müdafiə imkanlarının gücləndirilməsi məsələləri ilə əlaqədardır. Həmçinin bu səfər Xəzər üzərindən müəyyən strateji addımların atılması məqsədi daşıya bilər.
Rusiya və İranın birgə hərbi əməkdaşlığı təkcə Xəzərlə məhdudlaşmır. İranın müdafiə strategiyası çərçivəsində hər iki ölkənin hərbi-dəniz qüvvələri birgə fəaliyyət göstərə, müəyyən təlimlər və müdafiə mexanizmləri həyata keçirə bilər. Bu əməkdaşlıq, xüsusilə İsrailin mümkün hücum planlarının qarşısının alınması üçün mühüm əhəmiyyət kəsb edir".
"Eyni zamanda son dövrlərdə Xəzər dənizinin geosiyasi əhəmiyyəti artmaqdadır. Rusiyanın Xəzərdə hərbi-dəniz qüvvələrini gücləndirməsi göstərir ki, bu bölgə uğrunda müəyyən "səssiz mübarizə" gedir. NATO-nun, xüsusilə Ukrayna üzərindən Qara dənizdə Rusiyanın imkanlarını məhdudlaşdırması fonunda indi Moskva diqqətini Xəzər və Baltik dənizlərinə yönəldir", - deyə ekspert əlavə edib.
Siyasi şərhçinin fikrincə, bu baxımdan Rusiya və İranın Xəzərdə mövqelərini birləşdirərək NATO-ya qarşı siyasi və hərbi balans yaratmağa çalışması tam mümkündür.
Ə. Mustafa bildirib ki, SEPAH İsrailin son 12 günlük müharibəsindən sonra bir qədər səssizləşib. Hərçənd, SEPAH-ın İranla münasibətləri hələ də gərgindir, amma artıq Tehrana təsir imkanları əvvəlki qədər güclü deyil. Əksinə, görünür ki, SEPAH özünü arxa plana çəkməyə, daha az diqqət çəkməyə çalışır. Son günlərdə nə İranın dini lideri, nə də SEPAH rəhbərliyi bu məsələlərdə xüsusi fəallıq göstərmir.
Siyasi şərhçinin sözlərinə görə, Rusiya və İranın həm Xəzər dənizində, həm də ümumilikdə Cənubi Qafqazda müəyyən hərbi hazırlıq tədbirləri gördüyü istisna edilmir. Təbii ki, bu əməkdaşlıq region üçün yeni risklər yaradır. Ona görə də Azərbaycan da Xəzərdə öz təhlükəsizlik imkanlarını və mövqelərini gücləndirməlidir. Çünki Xəzər bölgəsində yalnız hərbi deyil, həm də iqtisadi və ekoloji problemlər mövcuddur.
"Hazırkı mərhələdə Rusiya və İran Hərbi Dəniz Qüvvələrinin görüşlərinin əsas məqsədi İranın müdafiəsinin gücləndirilməsi, mümkün hücumlara qarşı birgə strategiyanın hazırlanması və Xəzərdə geosiyasi balansın qorunması ilə bağlı məsələlərin müzakirəsidir", - deyə ekspert vurğulayıb.
Sevda Dəniz