Eçmiədzin yürüşü - dini dəyişiklik, yoxsa siyasi ssenari? - ÖZƏL

Ermənistan baş nazir Nikol Paşinyan dekabr ayına qədər Müqəddəs Eçmiədzində simvolik yürüş keçirərək katolikos II Qareginin uzaqlaşdırılmasını planlaşdırır. O, bəzi din xadimlərini də bu yürüşə qoşulmağa təşviq edir. Quqarts yeparxiyasından Aram ata, Tade ata və Taron Hunanyan artıq Paşinyanı dəstəklədiklərini açıqlayıblar.
Paşinyanın dini liderləri bu cür addımı dəstəkləməyə təşviq etməsi ölkədəki dini-siyasi tarazlığa necə təsir edə bilər? Bu yürüş və katolikosun uzaqlaşdırılması Ermənistanın daxili siyasətində hansı nəticələrə yol aça bilər?
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib: 
" Ermənistan iqtidarının dinə və xüsusən Erməni Apostol Kilsəsinə münasibətdə yeridəcəyi siyasətin ssenarisi Qərbin xüsusi idarəetmə institutlarının beyin mərkəzində işlənib. Paşinyan Ukraynada Zelenski kimi belə bir siyasətin həyata keçirilməsində məsul bilinib, erməni cəmiyyətinin dini əsaslarının laxladılmasına çalışır. Məqsəd isə Qərbin Ermənistanda nüfuz dairəsi uğrunda Rusiya ilə qarşıdurmasında Qərbin neokolonial maraqlarına cavab verə biləcək şəraitin formalaşdırılmasıdır.
Bəllidir ki, Ukraynada Rusiyaya qarşı mübarizədə sipər kimi istifadə etmək istəyən Qərb pravoslav birliyini və slavyan həmrəyliyini parçalamaq üçün tədbirlər planı hazırlayıb. Bu plan Zelenski iqtidarı tərəfindən məqsədyönlü şəkildə həyata keçirilir. 
Ermənistan və ya Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmağı planlaşdıran Qərb isə Ermənistanda Paşinyan iqtidarı vasitəsilə həmin planı həyata keçirməyi planlaşdırıb. Ukraynadan fərqli olaraq erməni Apostol Kilsəsinin Ermənistan cəmiyyətinə təsir imkanları böyükdür. Qərbi Ukraynada Rusiyaya müqavimətə meylli millətçi dairələr Qərbdən maliyyə dəstəyi alaraq adətən Sol sahil Ukraynasının Polşa və ya Avstriya-Macarıstana birləşdirilməsi uğrunda mübarizə apardıqlarından Ukraynada millətçilərin iştirakı ilə Rusiyaya qarşı mübarizənin perspektivləri həmişə olub. Erməni kilsəsi isə tarixən Rusiyayla yaxın olub, üstəlik, Ermənistanın millətçi dairələri də Rusiya yönümlü olmaları ilə seçiliblər. Bu mənada Paşinyanın Eçmiədzinin rəhbərliyinə qarşı mübarizəsi çətin olacaq. Üstəlik, bu qarşıdurmada Paşinyanı Azərbaycanla danışıqlarda təslimçi mövqeyinə görə ittiham edən millətçi müxalifət də Paşinyana qarşı aparılan mübarizədə kilsə ilə əməkdaşlıq edir.
Bu faktorlar anti-Paşinyan koalisiyasının ideoloji tərəflərinə aiddir. Ölkənin güc strukturları Paşinyanın tərəfində olduqca, onun opponentlərinin yalnız informasiya müharibəsinə arxalanıb. Paşinyanı devirmək cəhdləri səmərəsiz qalacaq. Mübarizənin gedişatına ciddi təsir göstərə biləcək faktorlar isə ilk növbədə geosiyasi güc mərkəzləri arasında gedən mübarizənin reallıqlarından asılı olacaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31