Qələbəyə gedən yolun rəmzi
17:55 Siyasət2020-ci il oktyabrın 4-ü Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan bir tarixdir. Həmin gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 27 ildən sonra Cəbrayıl şəhərini və rayonun bir sıra kəndlərini işğaldan azad etdi. Bu tarixi hadisə təkcə hərbi qələbə deyil, həm də ədalətin, milli birliyin, dövlətin gücünün təntənəsi idi. 2025-ci ildə bu möhtəşəm qələbənin 5 illiyi qeyd olunur və bu gün Cəbrayıl dirçəlişin, azadlığın və yenidənqurmanın simvoluna çevrilib.
1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu illərlə viranə vəziyyətdə qalmış, bütün infrastruktur, yaşayış məntəqələri, mədəni abidələr dağıdılmışdı. Lakin Azərbaycan xalqı bir an belə ümidini itirmədi. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusu əzmkarlığı, peşəkarlığı və yüksək döyüş ruhu sayəsində düşməni geri oturtdu. Cəbrayılın azad edilməsi Vətən müharibəsinin dönüş nöqtələrindən biri oldu və sonrakı zəfərlərin bünövrəsini qoydu.
Cəbrayıl rayonunun azad olunması həm hərbi, həm də strateji baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Bu istiqamətdə əldə olunan uğur Azərbaycan Ordusuna Zəngilan, Qubadlı və Şuşa istiqamətində əməliyyatların genişləndirilməsi üçün əlverişli şərait yaratdı. Bununla yanaşı, Cəbrayıl xalqımız üçün mənəvi rəmzə çevrildi - bu torpaqlarda şəhidlərimizin qanı ilə yazılan qəhrəmanlıq dastanı bütün Azərbaycan xalqının qürur mənbəyidir.
Bu gün Cəbrayıl şəhəri tamamilə yeni simaya bürünür. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Böyük Qayıdış proqramı çərçivəsində şəhərdə genişmiqyaslı tikinti, abadlıq və bərpa işləri həyata keçirilir. Müasir plan əsasında salınan Cəbrayıl artıq "ağıllı şəhər" konsepsiyası üzrə yenidən qurulur. Yeni yollar, məktəblər, səhiyyə ocaqları, elektrik və su xətləri inşa edilir. Artıq bir çox ailələr doğma torpaqlarına qayıtmağa hazırlaşır, həyat yenidən bərpa olunur.
Cəbrayılın azadlığı uğrunda canlarını fəda edən igid Vətən övladlarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayır. Onların qəhrəmanlığı sayəsində bu torpaqlarda Azərbaycan bayrağı yenidən dalğalanır. Hər il oktyabrın 4-ü həm qürur, həm də minnətdarlıq günü kimi qeyd olunur. Bu gün Cəbrayılın səmasında parlayan bayraq yalnız bir şəhərin deyil, bütün Azərbaycanın qələbə rəmzidir.
Cəbrayılın azad edilməsinin 5-ci ildönümü Azərbaycanın qüdrətinin, xalqın birliyinin və ədalətin təntənəsinin göstəricisidir. Bu hadisə təkcə keçmişin xatirəsi deyil, gələcəyə inamın, yenidən doğulan Qarabağın təntənəsidir. Qalib xalqın şəhəri olan Cəbrayıl bu gün öz inkişafı ilə müstəqil Azərbaycanın möhkəm iradəsini və sarsılmaz gücünü bir daha nümayiş etdirir.
Əminə Ağazadə
Milli Məclisin deputatı