Gəncəyə ilk raket hücumundan 5 il ötür
02:53 SiyasətBu gün İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin Gəncə şəhərinə endirdiyi ilk raket zərbəsindən beş il keçir.
2020-ci il oktyabrın 4-də səhər saatlarında atılan raketlər Azərbaycanın ikinci ən böyük şəhərində yaşayış evlərinə, ikimərtəbəli binaya və mülki infrastruktura dəyib.
Hücum nəticəsində Tunar Qoşqar oğlu Əliyev həlak olub, 32 mülki şəxs yaralanıb. Şəhərin tarixi tikililərinə və gündəlik həyat üçün vacib obyektlərinə də ciddi ziyan dəyib.
Bu, müharibə gedişində Qarabağ bölgəsindən kənara yönəlmiş ilk genişmiqyaslı hücum kimi yadda qalıb. Sonrakı günlərdə - 4, 5, 8, 11 və 17 oktyabrda Gəncə yenidən raket və artilleriya atəşinə tutulub. Ümumilikdə 26 nəfər həyatını itirib, 175 nəfər xəsarət alıb, şəhərin infrastrukturuna, nəqliyyat vasitələrinə və yaşayış evlərinə böyük zərər dəyib.