Heydər Əliyev irsi və İlham Əliyevin siyasəti: Azərbaycanın sabitlikdən inkişaf mərhələsinə yüksəlişi - ÖZƏL
15:58 Siyasət1993-cü ilin bu günündə xalqın təkidli tələbi ilə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O dövrdə ölkədə siyasi böhran, xaos və anarxiya hökm sürürdü. Ermənistanın təcavüzü və parçalanma riski vəziyyəti daha da mürəkkəbləşdirirdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan sabitliyə qovuşdu, dövlət quruculuğu prosesi gücləndi. Bu gün də onun strategiyası Prezident İlham Əliyev tərəfindən davam etdirir.
Ulu öndərin dönəmi Azərbaycanın siyasi və sosial sabitliyinin formalaşmasında hansı əsas prinsiplər üzərində qurulmuşdur? Ulu öndər Heydər Əliyevin siyasətinin prinsipləri bu gün Prezident İlham Əliyev dövründə necə qorunur və ölkənin strateji inkişafına hansı təsirləri var?
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlama verib:
" Ardıcılıq prinsipi hər sahədə olduğu kimi, siyasi aləmdə və geosiyasi proseslərdə də çox vacib mahiyyət kəsb edir və ona riayət etmək həddən artıq önəmlidir. Çünki, birincisi, hər bir başlanğıc - əgər biz artıq müəyyən dövrü nəzərdən keçiririksə , nisbi başlanğıcdır. Əgər onun ardınca tələb olunan davamiyyət real vəziyyətdə özünü göstərirsə, deməli, burada eyni siyasət qüvvəsini saxlayır. Sadəcə olaraq, o, keyfiyyət və kəmiyyət göstəricilərini dəyişərək daha yaxşı və gözlənilən nəticələr verir.
Sözün əsl mənasında, dövlət siyasətində və dövlət idarəçiliyində inkişaf paradiqmalarının mövcudluğu çox aktualdır. Onlar bir müddət qəbul olunursa, zamanla üzərinə yeni əlavələr gəlir. Bu da zamanın tələblərinin dəyişməsi ilə bağlıdır. Texnoloji yeniliklər meydana gəlir, hazırda rəqəmsallaşma prosesi yaşanır, süni intellekt dövrü əhatə olunur. Bunların hamısı nəzərə alınır, amma əsas elementlər həmişə öz varlığını, qüvvəsini və mövcudluğunu saxlamalıdır. Bəs bu baza-əsas elementlər hansılardır? Ulu Öndərin siyasətində baza elementlər suverenliyimizin möhkəmlənməsi, siyasi, hüquqi, ictimai institutlarımızın həm yaranması, həm də fəaliyyətlərinin püxtələşməsidir. Digər tərəfdən, daxili və xarici siyasətdə baxışlar, qəbul olunan proqramlar - məsələn, regionların inkişafı, sosial rifah məsələləri və.s, bütün bunlar üst-üstə gələndə böyük, kompleks bir dövlət idarəçilik proqramı formalaşdırır. Dövlət başçısı, onun komandası və hökumət də bu prinsipləri və paradiqmaları daim rəhbər tutaraq işlərini davam etdirməlidirlər.
Prezident İlham Əliyev həqiqətən də Heydər Əliyev məktəbinin ən istedadlı müdavimlərdən biridir. 2003-cü ildən bu günə qədər o, öz atasının -müəlliminin kölgəsindən çıxaraq, artıq yeni formasiyanın liderinə çevrilib. Müstəqil qərar verməsi, təşəbbüskarlığı nümayiş etdirməsi Heydər Əliyev məktəbinin dərslərindən qaynaqlanan xüsusiyyətlərdir. Təsadüfi deyil ki, Heydər Əliyev də öz fəaliyyəti dövründə islahatlara xüsusi önəm verirdi. İlham Əliyev isə dünyanın ən islahatçı, mütərəqqi, innovativ addımlara üstünlük verən siyasətçilərindən biri kimi tanınır. Bu, çox vacib göstəricidir. Məsələn, Avropa Siyasi Birliyi sammitlərində İlham Əliyevə Azərbaycan Prezidenti kimi göstərilən diqqət və maraq bunu sübut edir. Kopenhagendəki sammitdə Viktor Orbanın söylədiyi kimi, İlham Əliyev təkcə Azərbaycanın deyil, indiki dövrün də "qızıl parçasıdır". Faktiki olaraq Azərbaycan özü "qızıl parçasına" çevrilib. Bu gün məhz prezidentin xidmətləri nəticəsində belə bir transformasiyadır. Bəli, ölkəni idarə etmək son dərəcə çətindir. Burada həm də dünyanın dəbdə olan gedişlərini, ən qabaqcıl modellərini diqqətdə saxlamaq zəruridir. Çünki eklektika deyilən bir mədəniyyət var: müxtəlif məktəblərin ən üstün cəhətlərini birləşdirərək tətbiq etmək. Bu, əslində simbiozdur. İlham Əliyevin təqdimatında isə biz Azərbaycanın öz istehsal qüvvələrinin, yaradıcı potensialının, insan kapitalının birgə səylərlə əldə etdiyi nəticələri görürük. Bu nəticələr bütün sahələrdə həlledici rol oynayır.
Təsadüfi deyil ki, Avropa İttifaqı və Avropa ölkələri Azərbaycanın qədrini bilirlər. Biz 14 ölkəyə qaz ixrac edirik, bu isə qoca qitənin enerji təhlükəsizliyini təmin etməkdə böyük göstəricidir. Digər tərəfdən, Azərbaycan Asiya ilə Avropanı birləşdirir: kommunikasiya xətləri, enerji marşrutları, nəqliyyat dəhlizləri hamısı məhz ölkəmiz vasitəsilə işləyir. Əgər Azərbaycanın sabitliyi olmasaydı, uğurla öz ərazi bütövlüyümüzün bərpası məsələsi həll edilməsəydi, ölkəmiz çox çətin durumda qala bilərdi. Amma biz bu prosesi uğurla tamamladıq və daha böyük potensialla irəliləyirik. Ermənistan isə hələ də "axsaq vəziyyətdə" qalmaqdadır. Azərbaycan isə öz qamətini düzəldərək güclə, inamla inkişafını davam etdirir. Mən hesab edirəm ki, bu, Prezident İlham Əliyevin ən böyük xidmətidir".
Zeynəb Mustafazadə