Heydər Əliyev irsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir- ÖZƏL
3 Oktyabr 2025 12:35 Siyasət"Bu gün müstəqil Azərbaycan dövləti regionun aparıcı güclərindən birinə çevrilmişsə, bu, məhz Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində mümkün olmuşdur. Müasir Azərbaycan dövlətçiliyində Heydər Əliyev irsi indi Prezident İlham Əliyevin simasında yeni reallıqlara və çağırışlara uyğun olaraq daha böyük uğurla davam etdirilməkdədir. Xalqın dərin etimadına arxalanaraq və qalib ordumuzun yenilməz qüdrətinə güvənərək Qarabağ məsələsinin ədalətli həllinə nail olmaqla Azərbaycan dünyasına bənzərsiz tarixi Zəfər ruhunu bəxş etmiş Müzəffər Ali Baş Komandanımızın həyata keçirdiyi siyasi xətt də bu kursun məntiqi davamıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Beləliklə, Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı, İlham Əliyev isə onun qurduğu möhkəm təməl üzərində dövlətimizi XXI əsrin regional güc mərkəzinə çevirən liderdir. Birincinin dediyi "Müstəqilliyi qorumaq" şüarı ilə ikincinin "Tarixi ədaləti bərpa etmək" missiyası birləşərək müasir Azərbaycan reallığını formalaşdırır. Bu gün ölkəmizin inkişafı, təhlükəsizliyi və beynəlxalq nüfuzu məhz bu siyasi irsin davamlılığının bariz sübutudur. Dövlət başçımızın dediyi kimi, "Bizim siyasətimizin təməlində Heydər Əliyev siyasəti dayanır. Bu siyasət müstəqilliyi qorudu, dövlətçiliyi möhkəmləndirdi və Azərbaycanın gələcəyini təmin etdi".