Zəfərimiz gələcək nəsillərə ötürəcəyimiz ən böyük mirasdır- ÖZƏL
26 Sentyabr 10:35 Siyasət"27 Sentyabr - Anım Günündə biz qəhrəman şəhidlərimizi ehtiramla yad edir, qazilərimizin igidliyini qürurla xatırlayır, xalqımızın birliyi və Ordumuzun şücaəti ilə əldə etdiyimiz böyük Zəfəri anırıq. 27 Sentyabr bizim yaddaşımızda həm kədər, həm də qürur günü kimi əbədiləşib. 44 gün davam edən Vətən müharibəsi nəticəsində qazandığımız tarixi Zəfər Azərbaycan xalqının həmrəyliyinin, qəhrəman ordumuzun şücaətinin və Müzəffər Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin bariz nümunəsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Bu qələbə yalnız hərbi gücümüzlə deyil, eyni zamanda dövlətimizin diplomatik məharəti və xalqımızın sarsılmaz iradəsi ilə təmin olundu. Ordumuz düşmən üzərində misilsiz bir zəfər çaldı və bu Zəfər təkcə Azərbaycanın deyil, bütövlükdə regionun tarixində dönüş nöqtəsinə çevrildi.
Bu uğurun ideya mənbəyi isə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik yoludur. Onun uzaqgörən siyasəti və möhkəm təməl üzərində qurduğu dövlətçilik məktəbi bu gün bizə zəfərlə addımlamağa imkan verdi. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı və ordusu sözün əsl mənasında tarix yazdı.
Biz şəhidlərimizi daim ehtiramla anırıq - onların müqəddəs qanı ilə yoğrulmuş bu torpaqlar azadlığa qovuşdu. Ruhları qarşısında baş əyir, ailələrinə səbr, qazilərimizə isə sağlamlıq və şəfa arzulayırıq.
Bu gün Qarabağ torpaqlarında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Azad edilmiş şəhərlərimizdə həyat yenidən canlanır, yollar, məktəblər, mədəniyyət ocaqları, məscidlər və sosial infrastruktur bərpa olunur. Bu, həm də şəhidlərimizin ruhuna ən böyük ehtiramdır. Azərbaycanın qələbəsi bizim milli qürurumuz, gələcək nəsillərə ötürəcəyimiz ən böyük mirasdır".