Ali Baş Komandan Zəfərimizin müəllifi kimi adını tarixə yazdırdı- ÖZƏL
26 Sentyabr 2025 10:22 Siyasət"Dövlət başçısı İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir". "Olaylar" xəbər verir ki, bunu YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev deyib: "44 günlük Vətən müharibəsi Azərbaycanın qətiyyətli mövqeyinin, xalqımızın məğrurluğunun, yenilməzliyinin, torpağa bağlılığının, Vətən sevgisinin təqdimatı oldu. Noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanat ölkəmizin hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi oldu. 44 günün hər gününün tələbi, əsas çağırışı bu idi ki, bütün torpaqlarımız işğalçılardan azad edilməli, ərazi bütövlüyümüz tam bərpa edilməlidir. İşğal altında olan torpaqlarımızda qurulan istehkamlar, Ermənistan silahlı qüvvələrinin silahlandırılması bir çox məqamlara aydınlıq gətirdi. Sülh danışıqları adı altında müharibəyə hazırlıq görən, himayədarları tərəfindən silahlandırılan Ermənistan hər halda belə hiyləgər addımlarının ağır sonluqla başa çatacağından xəbərdar idi. Azərbaycan ən yüksək tribunalardan sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantını istisna etməyəndə Ermənistan və ona havadarlıq edən dövlətlər bunu Azərbaycanın sülh danışıqlarından imtinasi kimi təqdim edirdilər. 44 günlük İkinci Qarabağ müharibəsi onların bu mifini də dağıtdı. Tarixi torpaqlarımıza Ermənistan ordusunu məhv edərək, erməni cəlladlarını cəzalandıraraq, şəhidlərimizin qisasını alaraq qayıtdıq. Bu gün tarixi torpaqlarımızdayıq və əbədi olacağıq. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik Qələbəmizin ideoloji əsasına çevrildi. Ölkə Prezidenti xalqın dəmir yumruq kimi birliyinin təminatçısı oldu. Siyasətdə, döyüş meydanında, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Zəfərimizin müəllifi kimi adını tarixə yazdırdı".