AYİB Gürcüstanın iqtisadi artım proqnozunu yüksəldib - ÖZƏL
26 Sentyabr 2025 09:58 SiyasətAvropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2025-2026-cı illər üçün yenilənmiş iqtisadi proqnozunu açıqlayıb. Olaylar.az xəbər verir ki, bankın məlumatına görə, Şərqi Avropa və Cənubi Qafqaz regionunda ən yüksək artım göstəricisi Gürcüstanda qeydə alınacaq. Hesabata əsasən, Gürcüstanın ÜDM-i 2025-ci ildə 7%-dək yüksələcək. Bu, may ayında verilmiş 6%-lik proqnozdan bir faiz bəndi çoxdur. 2026-cı ildə isə ölkənin iqtisadi artım tempi 5%-ə enəcək. Müqayisə üçün, 2024-cü ildə Gürcüstanın iqtisadiyyatı 9,4%, cari ilin birinci rübündə isə 8,3% artmışdı. Regionda ikinci yeri Ermənistan tutur - bu ölkədə 2025-ci ildə 5%, 2026-cı ildə isə 4,5% artım proqnozlaşdırılır. Azərbaycan üçün proqnoz isə aşağı salınıb: ÜDM 2025-ci ildə 2%-ə, 2026-cı ildə isə 2,5%-ə yüksələcək. Ukraynada cari ildə 2,5%-lik artım gözlənilsə də, 2026-cı ildə bu göstəricinin ikiqat artaraq 5%-ə çatacağı bildirilir. Moldovanın artım tempi isə bu il 1,5%-ə enəcək, 2026-cı ildə isə 3,8%-ə qalxacaq. Ümumilikdə, Şərqi Avropa və Cənubi Qafqaz regionu üzrə 2025-ci il üçün iqtisadi artım 3%-dək, 2026-cı ildə isə 4,4% səviyyəsində proqnozlaşdırılır. Türkiyədə isə 2025-ci ildə ÜDM 3,1%, 2026-cı ildə isə 3,2% artacaq. AYİB-in hesabatında həmçinin qlobal tendensiyalara da diqqət çəkilir. Bildirilir ki, ABŞ-da idxal tariflərinin orta göstəricisi 2025-ci ilin birinci yarısında 4%-ə yüksəlib (2024-cü ildə 1,4% idi). Eyni zamanda, Çinin dünya istehsal məhsullarının ixracında payı 2000-ci ildəki 10%-dən 2024-cü ildə 25%-ə çatıb. Bu artım ABŞ və Almaniyanın birlikdə göstəricisindən də yüksəkdir. Bankın qiymətləndirməsinə görə, Çin Şərqi Avropa ölkələri üçün getdikcə daha ciddi rəqibə çevrilir. Ümumən, AYİB-in fəaliyyət göstərdiyi ölkələrdə iqtisadiyyat 2025-ci ildə 3,1% artacaq (may proqnozuna nisbətən 0,1 faiz bəndi çox), 2026-cı ildə isə artım 3,3% təşkil edəcək (0,1 faiz bəndi az). Analitiklər qeyd edirlər ki, region ölkələrinin iqtisadiyyatları davamlı geosiyasi gərginlik, Çinlə artan ixrac rəqabəti və məhdud fiskal imkanlar səbəbilə təzyiq altında qalır.