Şimali Koreya rəsmisi BMT sessiyası üçün Nyu-Yorkda - ÖZƏL
26 Sentyabr 2025 09:55 SiyasətŞimali Koreyanın xarici işlər nazirinin müavini Kim Son Gyön BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib. Olaylar.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb. Məlumata görə, onun çıxışı sentyabrın 29-na planlaşdırılıb. Kim Son Gyön Nyu-Yorka Pekindəki tranzit dayanacağından sonra gəlib. Qeyd edək ki, 2019-cu ildən bəri Şimali Koreyanın Baş Assambleyadakı çıxışını adətən ölkənin BMT-dəki daimi nümayəndəsi edir. Nazir müavini ABŞ-la mümkün təmaslar barədə suallara cavab verməyib. Daha əvvəl Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) xəbər vermişdi ki, Kim Son Gyön 25 sentyabrda Pxenyandan nümayəndə heyətinə rəhbərlik edərək yola düşüb. Bundan bir gün əvvəl isə məlum olmuşdu ki, Şimali Koreyanın xarici işlər naziri Çoe Son Hui 27-30 sentyabr tarixlərində Çinlə rəsmi səfər çərçivəsində görüşlər keçirəcək. Cənubi Koreyanı Baş Assambleyanın ümumpolitik müzakirəsində ölkə prezidenti Li Cae Myon təmsil edib. O, çıxışında Koreya yarımadasının denuklearizasiyasının qısa müddətdə mümkün olmadığını bildirib və üç mərhələli strategiya təklif edib. Bu strategiyaya Şimali Koreyanın nüvə proqramının dondurulması, arsenalın azaldılması və atom silahından tam imtina daxildir.