Peterburq üzərindən Bakıya mesaj: Kreml informasiya savaşı açıb
25 Sentyabr 22:52 Siyasət"Nevadakı Bakı" manipulyasiyası: Kreml Azərbaycan diasporunu kriminal kimi təqdim etməyə çalışır
Kremlçi "Dva Mayora" teleqram kanalında yayımlanan və "Nevadakı Bakı" imzası ilə tirajlanan material Sankt-Peterburqdakı Azərbaycan diasporunu hədəfə alan növbəti qarayaxma kampaniyasıdır.
Musavat.com bildirir ki, Qarabağ müharibəsində Azərbaycanın tarixi Qələbəsinin ildönümü ərəfəsində belə iddiaların ortaya atılması təsadüfi deyil. Məqsəd açıq şəkildə görünür: diaspor fəaliyyətini gözdən salmaq, anım tədbirlərini təxribat kimi təqdim etmək və Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq.
Məqalədə iddia olunur ki, Azərbaycanın Xarici İşlər Nazirliyi və Peterburqdakı diaspora bu şənbə günü "öz nüfuzlarını nümayiş etdirmək" məqsədilə aksiya hazırlayır, tədbirdə diplomatların və kursantların iştirakı gözlənilir. Guya Rusiya ilə münasibətlərdə gərginlik fonunda bu aksiyanın xarakteri "təxribat"dır. Halbuki, gerçəkdə söhbət yalnız şəhidlərin xatirəsinə ehtiram məqsədi daşıyan anım mərasimindən gedir.
Daha sonra yazıda bir sıra əsassız və təhqiramiz ittihamlar sıralanır:
* Diaspor rəhbərlərinin ucuz torpaq və müqavilələr əldə edib satması,
* Tikinti və kommunal sektorda azərbaycanlı şirkətlərin üstün mövqedə olması,
* "Kriminal işlərdə" adların hallanması,
* Bazarların guya narkotik və kontrafakt mərkəzinə çevrilməsi,
* Azərbaycan əsilli gənclərin "bandalara" qoşulması və polisə rüşvət verməsi,
* Kommunal texnikanın yararsızlığı,
* Diasporun şəhər administrasiyası ilə "öz adamları" vasitəsilə əlaqələr qurması.
Bütün bunlar klassik Kremlin təbliğat üslubudur: sübut olunmamış, heç bir hüquqi sənədlə təsdiqlənməmiş ittihamları "fakt" kimi təqdim etmək və azərbaycanlıları kriminal obrazda göstərmək. Məqsəd isə sadədir - Peterburqdakı diasporumuzu hədəf alaraq, Azərbaycan-Rusiya münasibətlərini süni şəkildə gərginləşdirmək və Qələbə günü tədbirlərinin mahiyyətini təhrif etmək.
"Dva Mayora"nın mətnində hətta belə bir nəticə çıxarılır: guya Azərbaycan strukturları şəhərin iqtisadiyyatı üzərində nəzarəti gizlətmir, "paralel idarəçilik modeli" qurublar və bu, "milli təhlükəsizlik maraqlarına ziddir". Bu cür ittihamlar yalnız panika yaratmaq və azərbaycanlıları hədəfə çevirmək məqsədi daşıyır.
Azərbaycan diasporunun fəaliyyəti hər zaman açıq, qanuni və rəsmi çərçivədə olub. Onların əsas hədəfi mədəniyyətimizin təbliği, milli maraqlarımızın müdafiəsi və tariximizin doğru şəkildə çatdırılmasıdır. Kremlin yaydığı bu tip materiallar isə yalnız bir şeyi sübut edir: Azərbaycanın diaspor gücü və Qarabağdakı tarixi Qələbəsi onları çox narahat edir...
Azərbaycan xalqı və diaspor təşkilatları bu qarayaxma kampaniyalarına boyun əyməyəcək. İstər Moskvada, istər Peterburqda, istərsə də dünyanın digər şəhərlərində - soydaşlarımız milli kimliyimizi və Qələbə sevincimizi yaşatmaqda davam edəcəklər.