Azərbaycan və Britaniya parlamentləri arasında əlaqələrin inkişafı müzakirə edilib
18:38 SiyasətSentyabrın 25-də Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord Aamer Safrazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd olunub ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, işçi qrupunun üzvü Səməd Seyidov qonaqları salamlayaraq, onları Milli Məclisdə görməkdən məmnunluğunu bildirib. O, parlamentlərarası əlaqələrin ölkələr arasındakı münasibətlərin inkişafına müsbət təsirindən danışıb və iki ölkə arasındakı əlaqələrin tarixi, parlament diplomatiyasının əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə dövlətlərimiz arasında mövcud olan siyasi və parlamentlərarası münasibətlərin əhəmiyyətini vurğulayıb, bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Aamer Safraz bu gün ADA Universitetində 1-ci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunun səmərəli olduğunu bildirib. O qeyd edib ki, bütün sahələrdə tərəfdaşlığın genişləndirilməsi ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayacaq.
Görüşdə Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sevinc Fətəliyeva, Zaur Şükürov, Tural Gəncəliyev çıxış edərək ölkələrimiz arasında münasibətlərin inkişafında müxtəlif səviyyələrdə, o cümlədən diplomatik dialoqun önəmini qeyd ediblər. Bildirilib ki, Azərbaycan və Böyük Britaniya arasında əlaqələr iqtisadi, siyasi, humanitar, enerji sahələri ilə yanaşı, digər sahələri də əhatə edir və qarşılıqlı etimada əsaslanan münasibətləri əks etdirir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.