27 sentyabr Anım Günü: Şərəf və milli ləyaqətimizin bərpasının başlanğıcı - ÖZƏL
16:58 Siyasət"27 sentyabr müstəqil Azərbaycanın tarixində ən əlamətdar günlərdən biri və tarix boyu yaşayacaq bir simvoldur. Bu gün ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan Vətən müharibəsinin ilk günü hesab olunur."
Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Bu gün bütün Azərbaycan - ordu, arxa cəbhə, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət və humanitar sahələr vətən naminə tam şəkildə birləşdi. Bütün qüvvələrin səfərbər olunması nəticəsində həmin gün başlanan proses ölkənin ərazi bütövlüyünün tam bərpasına gətirib çıxardı.
Düşmən qüvvələrinin 30 ildən artıq müddətdə torpaqlarımızda möhkəmlənməsi, sanki onların Azərbaycandan çıxarılmasının artıq mümkün olmayacağı barədə yanlış bir təsəvvür yaratmışdı. Hətta ölkə daxilində də müəyyən dairələr bu işğalın aradan qaldırılacağına inamlarını az qala itirmək üzrə idilər.
Lakin 27 sentyabrda başlanan proses ilk saatlardan bütün Azərbaycan xalqında möhkəm bir ruh yüksəkliyi yaratdı. O andan etibarən bütün dünya bir daha şahid oldu ki, Azərbaycan xalqının müstəqillik, azadlıq və haqq uğrunda mübarizə ruhu hələ də yaşayır. Dünyada Azərbaycanın artıq məğlubiyyət psixologiyası ilə barışdığını düşünənlər isə nə qədər yanıldıqlarını gördülər.
Azərbaycan cəmiyyətinin ilk saatlardan ordu ilə nümayiş etdirdiyi həmrəylik sübut etdi ki, xalqımızın iradəsi sarsılmazdır. Bu həmrəylik dünyanın bir çox güclərinin həmin ana qədərki yanlış mövqeyini də ifşa etdi.
27 sentyabrda başlanan müharibə 44 gün davam etdi və nəticədə düşmən torpaqlarımızdan çıxarıldı. Bu səbəbdən də 27 sentyabr ölkəmizin dünyada nüfuzunun və şərəfinin ən yüksək səviyyədə nümayiş olunduğu bir günə çevrildi.
Bəlkə də bu gün başqa bir tarixə təsadüf edə bilərdi. Amma məhz 27 sentyabr özlüyündə simvolik bir tarixdir. Onun daşıdığı məzmun isə Azərbaycan tarixində əbədi yaşayacaq bir mərhələdir.
27 sentyabr - Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizənin ilk günü, şərəf və milli ləyaqətimizin bərpasının başlanğıcıdır. Bu tarixi gün xalqımız üçün əbədi olaraq qalacaq."
İbrahim Məmmədli