Azərbaycanın dünya səhnəsində yüksəlişi: Enerji və diplomatiyada yeni imkanlar – ÖZƏL

"ABŞ hakimiyyətində dəyişiklikdən sonra ümumilikdə Azərbaycanla  Amerikanın münasibətləri müsbət istiqamətdə inkişaf etməyə başladı".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. O bildirib ki, bunun əsas səbəblərindən biri Bayden administrasiyasının getməsi və Tramp hökumətinin işə başlaması ilə bağlıdır. Tramp hökuməti, Bayden administrasiyasından fərqli olaraq,  Azərbaycana, Qafqaz regionuna və ümumiyyətlə  Azərbaycan-Ermənistan münasibətlərinə daha adekvat yanaşma nümayiş etdirdi. Bu dövrdə prezidentlər arasında birbaşa təmaslar da oldu və bu, münasibətlərin daha səmimi məcraya yönəlməsinə şərait yaratdı. Rusiyanın vasitəçiliyindən fərqli olaraq, ABŞ-nin iştirakı ilə keçirilən görüşlər nəticəsində İlham Əliyev və Nikol Paşinyan arasında mühüm müqavilələrin paraflanmasına nail olundu. Bu da göstərdi ki, Tramp administrasiyasının həm İlham Əliyevlə münasibəti, həm də Azərbaycan-Ermənistan məsələsinə yanaşması Bayden dövründən tamamilə fərqli idi.

Siyasi şərhçi əlavə edib ki, ABŞ bu prosesi yalnız müşahidəçi deyil, birbaşa masaya oturaraq həyata keçirdi. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımlar atıldı. Bu günə qədər Azərbaycanla ABŞ arasında mövcud olmuş bəzi gərginliklər, o cümlədən kəşfiyyatla bağlı məsələlər artıq əvvəlki səviyyədə qabardılmır. Bu, bir tərəfdən liderlər arasında şəxsi münasibətlərin yaxşılaşmasından, digər tərəfdən də dövlətlərarası əlaqələrin normallaşmasından xəbər verir.

Ekspertin sözlərinə görə, Azərbaycan Prezidentinin BMT Baş Assambleyasına dəvət olunması və orada iştirak etməsi də ABŞ-Azərbaycan münasibətlərinə müsbət təsir göstərən mühüm məqamdır. Bundan əlavə, sülh prosesində əldə olunan nəticələr, Trampın Nobel sülh mükafatına namizədliyi ilə bağlı müzakirələr zamanı da xüsusi qeyd olundu. Həm Prezident İlham Əliyev, həm də Paşinyan bu istiqamətdə təşəbbüs göstərərək, prosesin Nobel mükafatı ilə qiymətləndirilməsi məsələsini gündəmə gətirmişdilər. Bütün bunlar liderlər arasında münasibətləri yüksək səviyyəyə qaldırmaqla yanaşı, Azərbaycanın beynəlxalq nüfuzuna da müsbət təsir göstərdi. Prezidentin BMT-də iştirak etməsi, dünya liderləri ilə görüşlər keçirməsi həm ölkəmizə investisiyaların cəlb olunmasına, həm də diplomatik və iqtisadi əlaqələrin güclənməsinə xidmət edir.

"Hazırda Rusiya-Ukrayna müharibəsi fonunda Avropa yeni enerji mənbələri axtarır. Bu baxımdan Azərbaycan nefti və qazı alternativ enerji mənbəyi rolunu oynayır. Türkiyə üzərindən Avropaya nəql olunan enerji resursları Azərbaycanın beynəlxalq nüfuzunu artırır və ölkəmizi mühüm enerji təchizatçısı kimi mövqeləndirir. Bunun nəticəsində Azərbaycanın dünya arenasında rolu güclənir, ölkə daxilində isə iqtisadi inkişaf üçün yeni imkanlar açılır," - deyə R. Məmmədova vurğulayıb.

Siyasi şərhçi əlavə edib ki, qeyri-neft sektorunun inkişafı istiqamətində də mühüm addımlar atılır. Bu sahədə müxtəlif layihələr həyata keçirilir, iqtisadiyyat və ekologiya sahəsində yeni müqavilələr imzalanır. Enerji sektorunda hasilat və ixracla yanaşı, "yaşıl enerji" sahəsində də diqqətəlayiq işlər görülür.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31