27 sentyabr Anım Günü: Azərbaycan tarixinin qızıl səhifələrindən biri - ÖZƏL

"27 sentyabr  Anım Günü müasir Azərbaycan tarixinin qızıl səhifələrindən biridir. Həmin gün Azərbaycan on illərdir yığılıb qalan çox ciddi bir problemi kökündən həll etməyə başladı. 27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı nəhayət ki, məcburiyyət qarşısında qalaraq silaha əl atdı və torpaqlarını işğaldan azad etmək üçün mübarizəyə başladı."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Bundan əvvəlki dövrdə - 27 sentyabra qədər Azərbaycan dövləti və onun rəhbəri Prezident İlham Əliyev dəfələrlə Ermənistana və onun havadarlarına çağırış edirdi ki, biz bu məsələni sülh yolu ilə, danışıqlar masasında həll etməyə üstünlük veririk. "Gəlin bizi eşidin, birlikdə müzakirə aparaq və bu problemi kökündən həll edək" - deyə səslənirdi. Təəssüf ki, Azərbaycanın bu xoş məramı düzgün qiymətləndirilmədi. Əksinə, düşündülər ki, biz acizliyimizdən belə təkliflər irəli sürürük. Halbuki Azərbaycan xalqının və dövlətinin kifayət qədər gücü, imkanları var idi ki, lazım gəlsə torpaqlarını silah gücü ilə Ermənistanın işğalından azad etsin.

Belə də oldu. 27 sentyabr günü səhər saatlarında Ermənistan növbəti dəfə silahlı təxribat törətdi. Bu andan etibarən Azərbaycan xalqı və dövləti səbr göstərmədi, düşmənin üzərinə yürüdü və cəmi 44 gün ərzində torpaqlarını işğaldan azad etdi. Prezident İlham Əliyevin də dediyi kimi, həmin 44 gün ərzində davam edən və qələbə ilə başa çatan müharibədə Azərbaycan təkcə Ermənistanı deyil, onun havadarlarını da məğlub etdi. Bu havadarların başında isə, təbii ki, Rusiya dayanırdı və bu gün də həmin mövqe qalmaqdadır.

 27 sentyabr Azərbaycan üçün şərəfli bir tarixi gündür. Bu tarixi zəfəri bizə bəxş edən - başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla, canını və qanını fəda edən şəhidlərimizə, qazilərimizə, həmçinin bu qələbənin qazanılmasında zəhməti keçən hər kəsə millət olaraq təşəkkür edirik.

Həqiqətən də alnımız açıqdır, öz gücümüzə, öz iradəmizə arxalanaraq torpaqlarımızı işğaldan azad etmişik. Əlbəttə, bir vətəndaş olaraq mən də bununla böyük qürur duyuram."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31