Azərbaycan - BMT əməkdaşlığı inkişaf mərhələsini yaşayır- ÖZƏL

"Azərbaycan Respublikası və BMT arasında əməkdaşlıq Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən dərhal sonra bərqərar olub. Belə ki, Azərbaycan Respublikası 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilmiş və 1992-ci il mayın 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılmışdır. BMT ilə əməkdaşlığın birinci günündən başlayaraq,  Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə və BMT-nin potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışmışdır". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Alim Hüseynli deyib: "1993-cü il ərzində BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul etmişdir. Hər bir qətnamə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı nəticəsində qəbul edilmişdir. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələbləri irəli sürmüşdür.
BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını mühüm məsələ kimi irəli sürmüşdür. Həmin il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı məsələ iclasın gündəliyinə salınmışdır. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyasında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnamələr qəbul edilmişdir. Həmin sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması, bu ərazilərdə yanğınlar törədilməsi pislənilmiş, Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə istinad edilməklə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdur.
Təəssüf ki, BMT-nin məlum qətnamələr 27 il ərzində kağız üzərində qalmışdı. Beynəlxalq hüquqa məhəl qoyulmadığı üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi. Özünümüdafiə hüququnu ehtiva edən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edən Azərbaycan  özü ərazi bütövlüyünü bərpa etdi. 2020-ci ilin sentyabrında başlanan və  44 gün davam edən II Qarabağ müharibəsinin nəticəsi olaraq təcavüzkar dövlət sülhə məcbur edilmişdir.  Beləliklə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etmişdir".
Hüquqşünas əlavə edib ki, Azərbaycan 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir: "Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə olmuşdur. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması və artıq dövlət başçısı İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin may ayında Təhlükəsizlik Şurasının iclasının keçirilməsi Azərbaycanın diplomatiya tarixində əldə edilmiş böyük nailiyyətlərindən biri olmaqla, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas aktorlarından birinə çevrilməsi deməkdir. Hal-hazırda Azərbaycan öz xarici siyasətində beynəlxalq hüququn ali prinsiplərini əsas götürərək, müxtəlif mədəniyyətlərin dinc şəkildə birlikdə yaşaması, dini tolerantlıq, fundamental insan hüquqlarının müdafiəsi, təhsil və yaradıcılıq hüquqlarının qorunması, iqtisadi və sosial sahələrdə davamlı inkişafın təmin edilməsini uğurla həyata keçirməkdədir. Bu isə imkan verir ki, gələcəkdə də Azərbaycan BMT-nin ixtisaslaşdırılmış təsisatları ilə əməkdaşlığı onların əhatə etdiyi bütün prioritet sahələr üzrə yüksələn xətt üzrə inkişaf etdirsin və dövlətimiz tərəfindən yeni nailiyyətlər və uğurlar qazanılsın. Bu gün BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan, yer üzündə sülhün və təhlükəsizliyin bərqərar edilməsi naminə yeritdiyi siyasət sayəsində dünya dövlətləri arasında layiqli yer tutmuşdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31