SOCAR-da təxribat cəhdləri: “Neftimizin nüfuzdan salınmasına icazə verilməməlidir” – ÖZƏL
15:15 Siyasət"Adnan Əhmədzadənin törətdiyi əməllər cinayət xarakterli kimi tövsif olunur və hal-hazırda ona qarşı iqtisadi təhlükəsizlik sahəsində təxribat, böyük miqdarda mənimsəmə ittihamı irəli sürülüb".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Yəqin ki, bu müddətdə aydınlaşacaq ki, o hansı işləri görüb, hansı əməlləri törədib, həmin əməllərdə cinayət tərkibi var, ya yox. Amma bütün hallarda onun həbsi yəqin ki, ciddi şübhələrin nəticəsində baş tutub.
"Bu ittihamların irəli sürülməsinin Azərbaycanın neft ixrac siyasətinə təsirlərinə gəldikdə isə, demək olar ki, Azərbaycan hazırda dünyanın təqribən 25 dövlətinə neft satır və Azərbaycan nefti dünyanın ən keyfiyyətli, ən yüksək kaliteli neftlərindən biri hesab olunur. Azərbaycan markası artıq dünyada brend statusu qazanıb və bildiyim qədər ənənəvi tərəfdaşlarla münasibətlərimiz normaldır," - deyə ekspert qeyd edib.
Siyasi şərhçi əlavə edib ki, konkret olaraq, Azərbaycana vurulmuş zərər, yaxud da Azərbaycanın neftinə Rusiyanın neftinin qatılması və bunun təsirləri ilə bağlı mənfi nəticələr var. Hətta ümumiyyətlə qatqıların əlavə olunması və boru kəmərlərinə, eləcə də bizim neft satdığımız ölkələrin texniki qurğularına zərər dəyməsinə dair məlumatlar dolaşır. Məsələn, Rumıniyada müəyyən zərər halları müşahidə olunub. Çox güman ki, Azərbaycan tərəfi, yəni SOCAR şirkəti bu məsələləri araşdırır və artıq problemlər həll olunur. Məncə xaricə neft satışında hal-hazırda ciddi problem yoxdur. Əgər məqsədli şəkildə və ya ehtiyatsızlıq nəticəsində Azərbaycan neftini nüfuzdan salmaq, etibarsızlaşdırmaq cəhdləri olubsa da, bildiyim qədər bu cəhdlərin qarşısı alınıb.
Ə. Mustafanın sözlərinə görə, təhlükəli məqamlar artıq arxada qalıb. Amma bütün hallarda bu xoşagəlməz hadisədir və gələcəkdə də belə təxribatların olması mümkündür. Əgər bizim neftimizin tərkibinə arzuolunmaz qatqılar qarışarsa, bu, təbii ki, həm neft satdığımız ölkələrə zərər vura, həm də onların gələcəkdə bizdən neft almasına mənfi təsir göstərə bilər. Ona görə də məncə SOCAR və digər aidiyyəti qurumlar çox diqqətli və məsuliyyətli olmalıdır.
"Ümumiyyətlə, biz bu məsələlərdən çox danışmışıq. Məncə artıq konkret addımların atılması zamanı gəlib. Yəni, başqa dairələrin maraqlarına xidmət edən məmurlar və işçilər, təkcə SOCAR-da yox, digər mühüm dövlət qurumlarında da aşkar olunaraq uzaqlaşdırılmalıdır. Dövlət özünü təmizləməli, içindəki təxribatçı şəbəkələri aradan qaldırmalıdır ki, gələcəkdə belə hadisələr təkrarlanmasın," - deyə ekspert vurğulayıb.
Sevda Dəniz