Musiqi və diplomatiya: Bu sülh quruculuğu dövrünə təkan verəcək.- ÖZƏL
14:53 SiyasətQazaxıstanda keçirilən "Silk Way Star" beynəlxalq musiqi yarışmasının ilk mərhələsi yekunlaşıb. Yarışmanın ən diqqətçəkən məqamı isə Azərbaycan və Ermənistan nümayəndələrinin bir-birlərinin ifaçılarını ən yüksək-10 balla qiymətləndirməsi olub. Bu, iki ölkə arasında indiyədək beynəlxalq yarışlarda qeydə alınmamış diplomatik jest kimi dəyərləndirilib.
Bu cür mədəniyyət və musiqi müstəvisində baş verən jestlər Azərbaycan-Ermənistan münasibətlərində yumşalma üçün hansı mesajı verə bilər? Bu hadisəni təsadüfi bir an kimi, yoxsa siyasi baxımdan simvolik bir addım kimi qiymətləndirmək olar?
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib: " Azərbaycan və Ermənistan arasında 8 avqustda tarixi görüşün baş tutmasından sonra ikitərəfli münasibətlərdə bir sıra jestlərin edilməsinin şahidi oluruq. Qazaxıstanda keçirilən "Silk Way Star" beynəlxalq musiqi yarışmasında Azərbaycan və Ermənistanın bir-birinə yüksək bal verməsi böyük göstəricidir, etimadın olduğunun nümunəsidir. Bu cür jestlər yavaş-yavaş dövlətlər və xalqlar arasında olan münasibətlərin daha da inkişafına gətirib çıxaracaq. Paraflanan sülh sazişində bir sıra münasibətləri daha da dərinləşdirən məqamların olduğunun şahididir. Onlardan biri də gələcəkdə Bakıda və İrəvanda diplomatik münasibətlərin qurulması və bu istiqamətdə atılan addımlardır. Bunun üçün əlbəttə ki, təhlükəsizlik təminatları ilə yanaşı həm də möhkəm etimad quruculuğu tədbirləri həyata keçirilməlidir. Düşünürəm ki, bu cür musiqi yarışmalarında, beynəlxalq konfranslarda və forumlarda hər iki ölkənin nümayəndələrinin bir-birinə xoş münasibəti münaqişə ritorikasına son qoyacaq və sülh quruculuğu dövrünə təkan verəcək. Hesab edirəm ki, bu təşəbbüslər davamlı xarakter almalı və münasibətlərdə yeni dövrün başlanmasının elementləri hiss olunmalıdır".
Zeynəb Mustafazadə