Ona hara kimi inana bilərik? – Bakının TƏK narahatlığı

Yarımçıq hamiləlik olmur. O, ya var, ya da yoxdur. Sülh də elə - ya mövcuddur, ya da yox. Ya səmimi şəkildə hər yerdə sülh istəyir, onun uğrunda mübarizə aparırsan, ya da nə qədər maskalansan da müharibə tərəfdarı kimi damğalanırsan.

8 avqustda Vaşinqtonda imzalaman məlum sənədlər, özəlliklə paraflanan sülh müqaviləsi bu xüsusda kimin kim olduğunu dəqiqləşdirmək, batili-xisləti bilmək, saxta sülh carçılarını faş eləmək üçün növbəti güclü "lakmus kağızı" oldu. İç üzü açılan, əsl siması üzə çıxanlardan biri də Ermənistanın sabiq prezidenti, 80 yaşlı Levon Ter-Petrosyandır.

Həmin bu Ter-Petrosyan neçə gündür baş nazir Nikol Paşinyanın üstünə düşüb ki, bəs o, ölkəni sülh yolu ilə yox, növbəti təslimçiliyə doğru aparır. Utanmazcasına "sülhün Paşinyana dəxli yoxdur" söyləyir. Doğrudan da zatı dəyişmək qəliz məsələdir. Adam 80 yaşında da həyatdan, yaşadıqlarından heç nə anlamayıbsa, dərs götürməyibsə, onda ümid qalır "qozbeli qəbrin düzəltməsinə"...

"Nikol Paşinyan Xankəndidə "Qarabağ Ermənistandır" söyləməklə mənim tezislərimi məhv etdi və müharibəyə səbəb oldu. Mənim Qarabağ siyasətimin onun siyasəti ilə heç bir əlaqəsi yoxdur" - Ermənistanın 1-ci prezidentinin sözləridir.

Kor kora "kor" deməsə, o məsələ. Bir daha məlum olur ki, ermənilərin heç birinə nə inanmaq, nə də "ipinə odun yığmaq" olar. "İlanın ağına da lənət, qarasına da".

Axı bu o Ter-Petrosyandır ki, guya Qarabağ məsələsində yumşaq mövqe tutaraq, prezidentliyinin son ilində konfliktinin mərhələli həllinin tərəfdarı olmuş və "Bakının təkliflərini indi qəbul eləməsək, vaxt gələcək yalvaracağıq, çünki Azərbaycan güclənəcək" deyə soydaşlarını xəbərdar eləmişdi. Nə oldu bəs? Ötən il ictimailəşən bir video isə bu Hələb ermənisinin nə dərədə təhlükəli türkofov və irqçi-faşist biri olduğunu təsdiqlədi. İndi "sülh göyərçini" olub bizim üçün...

Hazırda dünyanın "ən ağıllı ermənisi" rolunda Nikol Paşinyandır. 44 günlük müharibədən az öncə "Qarabağ Ermənistandır və nöqtə deyən" Paşinyan. Gəncənin, Bərdənin dinc əhalisini bombalamaq əmri verən Paşinyan. Yəni biz ona da ehtiyatlı yanaşmalı, yalnız gördüyü işlərə görə qiymət verməliyik, nəinki onun qulağımıza xoş gələn bəyanatlarına. Unutmayaq, Nikol Paşinyan Ter-Petrsioyanın "müridi" hesab olunur(du).

Azərbaycan Prezidentinin az öncə Kəlbəcərdə söylədiyi kimi, biz qonşumuzun kim olduğunu heç vaxt unutmamalıyıq. Sülh müqaviləsi imzalansa, siyasi-diplomatik əlaqələr qurulsa belə. Niyə?

Ona görə ki, xalqımıza qarşı edilən saysız cinayətlər yalnızca hansısa erməni-daşnak liderin, kilsənin, Ter-Petrosyan, Köçəryan-Sərksiyan çaplı hərbi canilərinin göstərişləri ilə deyil, həm də Türkə nifrətlə yaşayan bir toplumun öz istəyi və təşəbbüsü ilə, sıravi ermənilər səviyyəsində baş verib. Özü də maniakal bir tərzdə...

Deməli, daha vacibi Ermənistanda hakimiyyət dəyişikliyi yox, təfəkkür dəyişikliyidir. Buna isə əlbəttə ki, İllər, hətta on illər lazımdır. Nəsil dəyişikliyi gərəkdir. O da bir şərtlə ki, yeni doğulan uşaqlar Türkə nifrətlə, "miatsum" mərəzi ilə böyüməsin.

Elə hazırda ən mötədil erməni sayılan Paşinyanın özü də hələ çox dəyişməli, özü ilə bərabər səbir və israrla cəmiyyəti də eyni dərəcədə müsbətə doğru, normal toplum və etibarlı qonşu olmağa doğru dəyişməlidir. Əgər o, həqiqətən "böyük ermənistan" nağılına daha inanmırsa. Baş nazir bunu bacaracaqmı? Cəmiyyəti dəyişdirə, sağalda, mədəni və tolerant topluma çevirə biləcəkmi, yoxsa xəstə toplum onun özünü təzədən öz gününə, əvvəlki vəziyyətə salacaq?

Və sonda. "Mürşid" ərəbcədən tərcümədə insanlara düz yolu göstərən, zəlalətdən hidayətə yönəldən tərbiyəçiyə, müəllimə deyilir. Paşinyan öz cəmiyyətinin mürşidi ola biləcəkmi? Bir şey qalmayıb...
 

Zahid SƏFƏROĞLU

Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31