Yeni səfirin mesajları: Azərbaycan-Fransa münasibətləri normallaşacaqmı? – ÖZƏL
14:40 SiyasətFransanın Azərbaycandakı yeni səfiri Sofi Laqut vəzifəsinin icrasına başlayaraq, iki ölkə arasında əlaqələri inkişaf etdirmək niyyətində olduğunu açıqlayıb. O, Azərbaycanın tarixi və strateji əhəmiyyətini vurğulayaraq, fransız dili və mədəniyyətinin təşviqinə xüsusi önəm verəcəyini bildirib.
"Fransa səfirinin açıqlamaları müəyyən mənada önəm daşıyır, çünki Azərbaycan və Fransa arasında münasibətlər olduqca gərgindir və bunun da əsas günahkarı Makron hakimiyyətidir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, Cənubi Qafqazdakı sülh prosesinə münasibətdə Fransa birmənalı şəkildə ermənipərəst mövqe tutub, Ermənistanın tərəfindən çıxış edib və Ermənistanın maraqlarını Ermənistanın özündən daha çox müdafiə edib. Ona görə də rəsmi Bakı Fransanın Cənubi Qafqazdakı sülh prosesində iştirak cəhdlərini birmənalı şəkildə bloklayıb.
Siyasi şərhçi əlavə edib ki, Fransa müstəmləkəçi bir dövlətdir və rəsmi Bakı Fransanın müstəmləkə ərazilərinin azadlığı yolunda əsas avangard dəstəkçi rolunu oynayır. Fransanın müstəmləkəsi altında əziyyət çəkən xalqlar Azərbaycanı öz azadlıq mübarizələrində əsas himayədar və dəstəkçi kimi görürlər. Bu da Azərbaycanın gücünü və Fransaya təsir imkanlarını nümayiş etdirir. Təbii ki, Rəsmi Paris bu situasiyadan ciddi şəkildə narahatdır. Üstəlik, dünyada gedən proseslərin məzmunu və keyfiyyəti də ciddi şəkildə dəyişir.
"Azərbaycan və Ermənistan arasında sülh prosesinin son mərhələyə keçid etməsi də Cənubi Qafqazda situasiyanı ciddi şəkildə dəyişib və ABŞ hazırda regiondakı geosiyasi proseslərdə əsas iştirakçı rolunu öz üzərinə götürüb. Təbii ki, bu da Fransanı narahat edir. Fransada artıq başa düşməyə başlayıblar ki, Azərbaycanla qarşıdurma Fransanın geosiyasi maraqlarına ciddi zərbələr vurur. Ona görə də Rəsmi Paris Azərbaycanla münasibətlərin normallaşdırılmasına, yeni münasibətlər sisteminin qurulmasına maraq göstərirmiş kimi görünür," - deyə ekspert vurğulayıb.
E. Xalidbəyli qeyd edib ki, Fransa səfirinin açıqlamaları bunun ilkin əlamətləri sayıla bilər. Ancaq real olaraq Azərbaycan-Fransa münasibətlərinin yeni mərhələyə keçməsi və daha pozitiv məzmun daşıması üçün ilk növbədə Makron hakimiyyəti bu istiqamətdə daha səmimi addımlar atmalıdır. Rəsmi Paris bir mənalı şəkildə ermənipərəst mövqedən imtina etməlidir. Azərbaycanla münasibətlərdə erməni faktorunu bir kənara qoymalıdır. Əks halda bu münasibətlərin düzəlmə ehtimalı o qədər də inandırıcı görünmür. Ona görə də Azərbaycan-Fransa münasibətlərinin normallaşması məsələsi Fransa səfirindən daha çox Makron hakimiyyətinin davranışlarından asılıdır.
"Əgər Makron hakimiyyəti riyakarlıq etməyəcək, normal münasibətlərin qurulması üçün səmimi mövqe nümayiş etdirəcəksə, o zaman Azərbaycanla münasibətlərin daha pozitiv məzmun daşıması qətiyyən istisna deyil," - deyə siyasi şərhçi bildirib.
Sevda Dəniz