“Prezidentin görüşləri ölkəyə yeni investisiya axını vəd edir” – Zeynal Əmrəliyev – ÖZƏL

"Azərbaycan enerji infrastrukturlarına dünya ölkələri və beynəlxalq şirkətlər tərəfindən çox böyük maraq var və Azərbaycan Prezidentinin BMT Baş Assambleyasında keçirdiyi görüşlər də bunu özündə ehtiva edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Bildirib ki, qlobal şirkətlərin Azərbaycana marağı hədsiz dərəcədə böyükdür və məhz həmin şirkətlərin rəhbərləri - hansı ki mühüm əhəmiyyətli, milyardlarla dollar dövriyyəsi olan şirkətlərdir - Azərbaycan Prezidenti ilə görüşmək və Azərbaycandakı layihələrdə iştirak etmək üçün can atırlar. Bu da təbiidir, çünki Azərbaycan uzun müddətdir ki, öz enerji siyasətini doğru istiqamətlərdə quraraq qlobal şirkətlərin diqqətini özünə cəlb etməyi və bu yollarla ölkəyə investisiya axını gətirməyi bacarıb.

Siyasi şərhçinin sözlərinə görə, keçirilən görüşlər və əldə olunan razılaşmalar ölkəyə investisiya axınını daha da gücləndirəcək və Azərbaycanın əsasən enerji infrastrukturunun möhkəmlənməsinə və yenilənməsinə, eyni zamanda maliyyə bazarlarının güclənməsinə və Azərbaycanın maliyyə bazarına yeni valyuta axınlarının təmin olunmasına şərait yaradacaq amillərdəndir. 

Z. Əmrəliyev əlavə edib ki, Cənab Prezident BMT Baş Assambleyasında iştirak edərkən təkcə Assambleyadakı çıxışla kifayətlənmədi, dövlətlərlə ikitərəfli görüşlər keçirməklə də səfərini məhdudlaşdırmadı. Eyni zamanda vəziyyətdən istifadə edərək qlobal şirkətlərin rəhbərləri ilə görüşlər keçirdi və bu görüşlər həmin şirkətlərin Azərbaycana investisiyalar yatırmasına kömək edəcək amildir. Bu, böyük ölçüdə əsasən enerji sektoru ilə bağlıdır, lakin eyni zamanda post-neft və qeyri-neft sektoruna da investisiyaların yatırılması, yeni layihələrin işlənməsi məsələləri geniş şəkildə müzakirə olunacaq. Yaxın gələcəkdə, məsələn, ABŞ-nin aparıcı şirkətlərinin Azərbaycan bazarına daxil olmasını görə biləcəyik və bu da ölkə iqtisadiyyatının inkişafına çox mühüm töhfə verəcək amillərdəndir.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31