Fransa- Azərbaycan münasibətləri: Soyuqluqdan dialoqa doğru yeni imkanlar - ÖZƏL

Fransanın  Azərbaycandakı yeni səfiri Sofi Laqut öz fəaliyyətinin prioritetlərini açıqlayıb. O, iki ölkə arasında münasibətləri inkişaf etdirmək, fransız dilinə marağı və mədəniyyət əməkdaşlığını genişləndirməyi hədəfləyir.
Səfir Ann Buayonun səylərini yüksək qiymətləndirdiyini bildirərək, Azərbaycanın tarixi və strateji əhəmiyyəti olan bir ölkə olduğunu vurğulayıb. 
Yeni səfir iki ölkə münasibətlərində davam edən soyuqluğu aradan qaldıra biləcəkmi?

Mövzu ilə bağlı politoloq Elmir Səftərov Olaylar.az-a açıqlama verib: 

" Fransa ilə Azərbaycan arasındakı münasibətlər son illərdə kəskin gərginlik və soyuqluq dövründən keçib. Bu vəziyyətin əsas səbəbi kimi rəsmi Parisin Ermənistana açıq dəstəyi və anti-Azərbaycan ritorikası göstərilə bilər. İki ölkə arasında diplomatik münasibətlərin qurulduğu gündən əməkdaşlıq elementləri mövcud olsa da, Fransanın Ermənistanın maraqlarını nümayişkaranə şəkildə müdafiə etməsi  Bakının haqlı narazılığına səbəb olub, nəticədə əlaqələrdə ciddi çatlar yaranıb.  Emmanuel Makron hökumətinin beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycana qarşı bəyanatlar verməsi və anti-Azərbaycan qətnamələrinin qəbul edilməsinə dəstək göstərməsi münasibətlərin dərinləşən böhranına səbəb olub. Fransanın media orqanlarında  Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa siyasətini tənqid edən materialların məqsədli şəkildə yayılması da ictimai və siyasi rəyin formalaşmasında mənfi rol oynayıb. Cənubi Qafqazda yeni reallıqların formalaşdığı bir vaxtda (2020-ci ildən sonra) Fransanın Ermənistanla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməsi regiondakı siyasi balansın pozulması kimi qiymətləndirilir. Bu isə yalnız Bakı-Paris münasibətlərinə deyil, ümumilikdə bölgədə sülh və sabitlik perspektivlərinə də təsirsiz ötüşməyib. 
Son dövrlərdə Azərbaycanla Ermənistan arasında normallaşma istiqamətində atılan addımlar Fransanın da aqressiv ritorikasının zəifləməsinə təsir göstərib. Son aylarda Parisin Bakı ilə münasibətləri bərpa etməkdə maraqlı görünməsi də bu meylin real göstəricisidir. Fransanın rəsmi dairələrindən gələn müsbət mesajlar, eləcə də Vaşinqtonda əldə edilən razılaşmaları alqışlaması, tərəflər arasında diplomatik kanalların yenidən işə düşə biləcəyini göstərir. Ümumilikdə Fransa özü gərginləşdirdiyi münasibətləri bərpa etməkdə maraqlı görünür. Lakin bu proses zaman tələb edir və regional, eləcə də beynəlxalq maraqların uzlaşdırılması fonunda inkişaf etməlidir. Münasibətlərin gələcək taleyi isə əsasən Fransanın anti-Azərbaycan ritorikasına son qoymasından, eləcə də bölgədəki geosiyasi dəyişikliklərə adaptasiya qabiliyyətindən asılı olacaq"

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31