Məcburi köçkünlərin doğma yurdlarına dönüşü gələcəyə inamın rəmzidir- ÖZƏL
12:58 Siyasət"Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura mütəmadi səfərləri bərpa-quruculuq işləri ilə tanışlıqla bərabər, yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi, doğma torpaqlarımıza qayıtmış sakinlərlə görüşləri ilə yadda qalır. Müzəffər Ali Baş Komandanın Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə səfərləri də Qarabağın bərpa və inkişaf yolunun əyani göstəricisidir". "Olaylar" xəbər verir ki, bunu YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov deyib: "Dövlətimizin başçısının bu şəhərlərdə Dövlət Bayrağını ucaltması, hərbi paradı qəbul etməsi, yeni layihələrin təməlini qoyması həm tarixi ədalətin bərpası, həm də Böyük Qayıdış prosesinin dövlət səviyyəsində necə strateji yanaşma ilə həyata keçirildiyini nümayiş etdirir. Məcburi köçkünlərin doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasına başlanılıb. Artıq Xocalı şəhəri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir. İndiyədək 2 min 117 ailə, o cümlədən Füzuli şəhərinə 822, Talış kəndinə 20, Ağalı kəndinə 175, Şuşa şəhərinə 210, Laçın şəhərinə 570, Sus kəndinə 59, Zabux kəndinə 217, Xocalı şəhərinə 44 ailə köçürülüb və bu istiqamətdə işlər davam etdirilir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycanın dövlət suverenliyinin, tarixi ədalətin və milli birliyin təntənəsinə çevrilib. Dövlət Bayrağımızın bu şəhərlərdə dalğalanması, hərbi parad, Qarabağ Universitetinin təsisi, Ağdərə rayonunun yaradılması və Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsi müstəqil Azərbaycanın ən böyük qələbələrinin təcəssümüdür, Qarabağ isə bu gün dirçəlişin, inkişafın və gələcəyə inamın rəmzidir".