Parisdə həbs edilən azərbaycanlı – Saxta şahzadə
18:11 SiyasətBu yaxınlarda Türkiyənin "Vakit" qəzetinin 14 dekabr 1931-ci il tarixli sayında "Bu əcəm şahzadəsi kimdir?" başlıqlı bir xəbərə rast gəldim. Paris qəzetlərindən istinad götürülən xəbərdə Kərim Sultanov adlı bir şəxsin Fransada törətdiyi hadisədən bəhs edilirdi:
"Şənbə günü böyük bir klubda bakarada (kart oyunu - D.Ə) 120 min frank uduzduqdan sonra küçəyə çıxan və adının şahzadə Sultanov Kərim bəy olduğunu söyləyən bir əcəm iki mülki polis tərəfindən saxlanılmışdır. Şahzadə Sultanov özünü gah bakılı, gah da tunisli olduğunu söyləməkdədir. Fəqət haralı olur-olsun axtarılan şəxs özü olduğu üçün nəzarətxanaya göndərilmişdir. Çünki şahzadə Sultanovun əleyhinə bir neçə tacir, iş adamı, hətta bir də qadın opera sənətçisi tərəfindən dələduzluq mühakiməsi açılmışdır. Şikayətçilər şahzadə Sultanovun onlardan bir milyon frankdan çox pul aldıqlarını söyləməkdədirlər.
Şahzadə Sultanov şikayətçilərə Sovet hökuməti və Türkiyədən ona pul gələcəyini, vaxtı çatdığında bu pulu alacağını söyləmiş, ona görə də həmin şəxslərdən borc götürmüşdür. İddiasına görə şahzadənin Bakıdakı neft mədənlərindən 60 milyon frank, Türkiyədən də silah-sursat satışından 283 min ingilis lirası alacağı vardır, əlində buna dair sənədlər də mövcuddur.
Sultanovun əlində türkcə yazılmış, markalı və damğalı bir çox sənədlər varmış və yenə bunlara istinad edərək Amerikan Ekspress Bankından da bir milyonluq frank istiqraz almaq üzrə imiş. Fəqət əvvəlcə istiqraz aldığı şəxslər şikayət etdiyi üçün Amerikan Ekspress təbii olaraq bu pulu verməmişdir.
Sultanova Bakıdakı neft mədənlərinin qarşılığında pul verənlərin başında M. Çarlz Metzger vardır. Bu zat 300 min frank, əmlak sahiblərindən bir başqası 250 min frank, bir qadın opera sənətçisi 15 min frank və bir rus tacir də 150 min frank vermişdir.
Şahzadə Sultanov ötən il məşhur ingilis bankiri Oecklinqerlə də təmas qurmuş və Nişdə görüşərək ondan 50 min ingilis lirası alacaqdı. Fəqət bu əsnada saxta çek imzaladığı üçün saxlanılmışdı. M. Metzger o zaman Sultanova etimad etdiyi üçün saxta çekin ehtiva etdiyi məbləği ödəmiş və onu həbsdən çıxartmışdı.
Fransadan ixrac edilməsi üçün əleyhində üç məhkəmə qərarı mövcud olan Sultanov, zənn edirik ki, bu dəfə artıq qəti şəkildə özünü ələ vermişdir. Sultanov onu tutan mülki məmurlara sərbəst buraxılması üçün hər birinə beş min frank rüşvət təklif etmişdir".
Xəbərdə şəkli də verilən Kərim Sultanov haqqında yazılan bu xəbərdən anlaşılır ki, şəxs azərbaycanlıdır, vaxtilə Bakının zənginlərindən olub, rus işğalından sonra varidatını da götürərək Parisə mühacirət edib.
Türkiyə qəzetlərini tədqiq edərkən "Cumhuriyet" qəzetinin də bu xəbəri dərc etdiyini gördüm. Qəzetin 11 dekabr 1931-ci il tarixli sayındakı "Dələduz saxta şahzadə Parisdə həbs edildi" başlıqlı xəbərdə Kərim Sultanovun şəkli də verilib. Amma "Vakit" qəzetindəki şəkillə bu şəkil arasında yaş etibarilə kəskin fərq var.
Xəbərdə yazılıb:
"Paris qəzetlərindən birində oxuduğumuza görə özünə şərqli bir şahzadə süsü və Kərim bəy Sultanov adını verən bir dələduz Parisdə həbs edilib. Bu şıq dələduz Qərbin ən ali təbəqələri ilə təmas edir, vaxtını böyük və möhtəşəm hotellərdə, paytaxtlarda, köşklərdə keçirir. Bu qəribə şəxs gənc və olduqca zərifmiş. Təəccüb ediləcək bir nüqtədanlığı varmış. Romanlara mövzu olacaq qədər xəyal qüvvətinə malikmiş.
Aparılan tədqiqatda bu şəxsin həqiqi mənşəyi heç cür anlaşılmamışdır. Şahzadə olub-olmadığını təsdiqləyəcək heç bir əlamət və sənəd də yoxdur. Həqiqi adı da məlum deyildir. İndiyə qədər ayrı-ayrı adlarla üç dəfə tutulmuş bu dələduz son həbsi ilə ədalət pəncəsinə dördüncü dəfə düşür. Bu dəfə Şanzelizenin şıq klublarından birindən çıxarkən saxlanılmışdır. Onu tutan məmurların hər birinə beş min frank hədiyyə (yəni rüşvət) təklif etməklə özünü qurtarmağa çalışmış, lakin bu təklifi yaxasından yapışan ədalət pəncəsinin bir qat daha ağırlaşmasından başqa nəticə verməmişdir. Son dərəcə natiqlik və inandırma qüvvətinə malik olan saxtakar şahzadə fırıldaqlarına qurban olanları həmişə boğazdan yuxarı danışmaq, onların gözü önündə bir sıra möhürlü və təsdiqlənmiş saxta sənədlər göstərmək surətilə aldatmışdır. Nəhayət, yalanı ortaya çıxmış, ədalətin dəmir pəncəsinə düşmüşdür. Bu dələduz Parisdə zəngin bir fabrikatoru dəfələrlə aldatmışdır. Ona guya Bakıda mövcud xəyali neft quyularını, gah Türkiyədən alacağı 283 min ingilis lirasını, gah İran səfarət binasını, gah da Amerikan Ekspress Bankından alacağı bir milyon frankı qarşılıq göstərərək mütəmədiyyən aldatmışdır. Zavallı fabrikator saxta şahzadə Kərim bəy Sultanovun İstanbul və Londondakı olmayan kassalarındakı pulları gözləməkdədir.
Bu dələduzu məhkəməyə verənlər arasında sabiq notariuslardan Radois, bir çox hotelçi, iki qrafinya, iki vikont, bir qadın opera sənətçisi və bir aşpaz qadın vardır".
Kərim Sultanov kimdir?
Professor Ədalət Tahirzadədən aldığımız məlumata görə ötən əsrin əvvəllərində Kərim bəy Sultanov adlı bir şəxs olub, amma o, 1918-ci il qırğınlarında şəhid olub. 1889-cu ildə Bakıda doğulan Sultanov Kərim bəy Ağabəy oğlu Bakı III Aleksandr kişi gimnaziyasını 9 iyun 1908-ci ildә bitirib, Xarkov Universitetində əvvəlcə tibb, daha sonra hüquq təhsili alıb. Bakıya qayıtdıqdan sonra ictimai-siyasi fəaliyyətlə də məşğul olub. 1913-cü ildə Bakıda İsa bәy Aşurbәylinin "Kaspi" mәtbәәsindә "Hifzüs-sәhhә", 1915-ci ildə isə Orucov qardaşlarının elektrik mәtbәәsindә "Sәlibi-Əhmәr Cәmiyyәtinin tarixi" adlı kitabları işıq üzü görüb.
1917-ci ilin 29 sentyabrında Bakı Şәhәr Dumasına müsәlmanlar arasından Bakı Müsәlman İctimai vә Siyasi Tәşkilatları Komitәsindәn 15 deputat, "Rusiyada müsәlmanlıq" partiyasından isә 12 deputat seçilib. Partiyadan seçilәn 12 nәfәrin arasında 7-ci yerdә hәkim Kәrim Sultanovun da adı qeyd olunub. 1918-ci ildə Bakıda törədilən soyqırımı zamanı Kərim bəyin də şəhid olduğu bildirilib.
Göründüyü kimi ictimai-siyasi xadim olmaqla yanaşı ali təhsilli həkim kimi ziyalı bir şəxs olan bu Kərim Sultanovun Parisdə böyük pullara sahib Kərim bəy olduğu inandırıcı deyil. Ola bilsin ki, "Cumhuriyet" qəzetinin də yazdığı kimi bu ad-soyad saxtadır, hər dəfə həbs olunanda fərqli adlardan istifadə edib.
Bütün hallarda özünü şahzadə kimi təqdim edən Kərim bəy Sultanovun kimliyinin araşdırılması gərəklidir.