Anım Günü -Vətən sevgisinin və şəhidlik zirvəsinin rəmzi

27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir. Həmin gün  Azərbaycanda Anım Günü kimi qeyd edilir.  Xalqımız İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla anır. 27 sentyabr uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişdi. 2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı davamızın gözəl nəticələrini-torpaqlarımızın işğaldan azad edilməsi, o əzəli torpaqlara əsl sahiblərinin əbədi qaytarılması, bölgədə böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağı gerçəyini qoydu.
Anım Günü həm də Azərbaycan Respublikasında  2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması günüdür. Anım Günü məhz müharibənin başlandığı gün sentyabrın 27-də keçirilir. Bu gün Prezident İlham Əliyevin  2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir. Sərəncamda qeyd olunur ki, "Dövlət Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin". Anım Günü Vətən müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsini yad etmək, onların Vətən uğrunda göstərdiyi qəhrəmanlığı ehtiramla anmaq üçün təsis edilib. Bu tarix, həmçinin müharibənin başlanğıcı olmaqla, ölkənin ərazi bütövlüyünün bərpa edildiyi Zəfər yolunun bir hissəsidir.
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun  mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun  döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edildi. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanaraq İkinci Qarabağ müharibəsinə çevrildi.
Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı  və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. Moskvada  imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən  çıxarılması və Naxçıvan Muxtar Respublikası  ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edildi. 2020-ci il noyabrın 20-də isə Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edildi.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən isə təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla çoxsalı müharibə cinayətləri törətdi. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak oldu, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşdü, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirdi. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu. Müzəffər Ali Baş Komandanın dediyi kimi, "Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər. Biz bu qələbəyə görə onlara borcluyuq. Onlar torpağımızı işğalçılardan qarış-qarış azad ediblər, onlar bizim bayrağımızı azad edilmiş torpaqlarda qaldırıblar, bayrağımızı orada dalğalandırıblar".
27 sentyabr 2020-ci il Azərbaycanın ədalət uğrunda başladığı böyük və haqq mübarizəsinin başlanğıcı oldu. Bu əməliyyatlar təkcə hərbi zəfər deyil, həm də xalqımızın illərlə çəkdiyi ədalətsizliyə və torpaq həsrətinə son qoydu. 44 gün ərzində Azərbaycan Ordusu addım-addım irəliləyərək Qarabağ və ətraf rayonları azad etdi. Bu qələbə Azərbaycan xalqının milli qürurunu bərpa etdi, Azərbaycanın gücünü və əzmkar xalq olduğunu bütün dünyaya nümayiş etdirdi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlar xalqımızda, dünyadakı soydaşlarımızda ruh yüksəkliyinə səbəb oldu. Ölkəmizin hər bir vətəndaşı qəti surətdə əmin idi ki, qələbə sevinci uzaqda deyil. Ali Baş Komandan-xalq birliyi, ordumuzun şücaəti zəfər günlərinin lap yaxında olduğuna dəlalət edirdi. Xalqımız tam əmin idi ki, ordumuz Vətən savaşında qalib gələcək, çünki bu bizim haqq savaşımız, haqq mübarizəmiz idi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Vətən müharibəsində yaralanan və Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı vurğulayırdı: "Biz öz torpaqlarımızı azad edirik. Mən bir daha demək istəyirəm ki, Azərbaycan öz doğma torpağında vuruşur. Və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlər xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında - Azərbaycan  torpağında ölür".
27 sentyabr Azərbaycan xalqının yaddaşında yalnız bir tarix deyil, dərin bir mənanın, Vətən sevgisinin və şəhidlik mərtəbəsinin rəmzidir. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi ilə Azərbaycan 30 il ərzində itirdiyi torpaqlarını geri qaytararaq öz ərazi bütövlüyünü bərpa etdi. Bu müharibədə canını fəda edən minlərlə qəhrəman şəhidimizin xatirəsini yaşatmaq hər birimizin müqəddəs borcudur. Odur ki, Anım Günü, hər bir azərbaycanlının ürəyində Vətənə olan sonsuz sevgini yenidən alovlandıran və gələcək nəsillərə bir əmanət olan müqəddəs bir tarixdir. Bu gün Azərbaycanın azadlıq mübarizəsinin, milli birliyinin və qəhrəmanlıq salnaməsinin tərənnümüdür.

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31