“Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması Azərbaycandan asılıdır” – ÖZƏL
16:42 Siyasət"Azərbaycanın razılığı olmadan, Azərbaycanla Ermənistan arasında sülh bağlanmadan Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını gözləmək, əlbəttə ki, reallıqdan kənardır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Samir Hümbətov deyib. Siyasi şərhçi bildirib ki, bu günə qədər Türkiyənin tutduğu mövqe və Ermənistanla münasibətləri dayandırması 1992-ci ildən başlayaraq məhz Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı idi. Hətta uydurma "erməni soyqırımı" məsələsinə baxmayaraq, Türkiyə bu məsələdə xüsusən Azərbaycanın mövqeyinə ciddi diqqət yetirirdi. Son dövrlərdə Ermənistan tərəfi münasibətləri bərpa etmək üçün addımlar atır. Amma mən düşünmürəm ki, sülh müqaviləsi imzalanmadan bu prosesi həyata keçirmək mümkün olacaq.
"Türkiyə-Ermənistan münasibətlərinin tam normallaşması, qarşılıqlı əlaqələrin inkişafı hələ ki, bir qədər reallıqdan uzaq görünür. Ona görə də hesab edirəm ki, ilk növbədə Azərbaycanla sülh müqaviləsinin imzalanmasını gözləmək lazımdır", - deyə ekspert vurğulayıb.
S. Hümbətov qeyd edib ki, "3+3" formatına gəlincə, əvvəlcə nə İran, nə də Rusiya bu məsələyə real yanaşmırdı. Onların sərgilədiyi mövqe daha çox platformanın formal inkişafına xidmət edirdi. Amma sonradan anladılar ki, bu platforma olmadan Cənubi Qafqazda və ətraf ərazilərdə münasibətlər sistemi onların maraqlarına tam uyğun ola bilməz. Hazırda isə yeni mərhələyə keçiblər və bu mərhələdə artıq münasibətlər sistemini "3+3" formatı çərçivəsində davam etdirmək niyyətində olduqlarını görürük. Amma hesab etmirəm ki, bu hansısa ciddi nəticə verəcək, çünki bu günə qədər "3+3" formatında praktik olaraq ciddi irəliləyiş əldə edilməyib.
Siyasi şərhçinin sözlərinə görə, hələ ki, danışıqlar getsə də, real dialoq mühiti yaradıla bilmir. Bu baxımdan indiki halda Türkiyə və Ermənistan münasibətləri "3+3" formatından kənarda, ikitərəfli münasibətlər zəminində və Azərbaycanın mövqeyi üzərindən dəyərləndirilir.
Sevda Dəniz