“Ən təhlükəli ssenari: Rusiyanın adamlarının yenidən hakimiyyətə qayıdışıdır” – Taleh Əliyev – ÖZƏL
14:21 SiyasətErmənistanda hökumətlə kilsə arasında artan qarşıdurma fonunda bir neçə din xadimi dövlət çevrilişinə çağırış ittihamı ilə saxlanılıb. Nikol Paşinyan administrasiyası bu həbslərlə ölkə daxilindəki mövqeyini gücləndirməyə çalışır. Qərb dairələri, xüsusilə Fransa və Avropa İttifaqı rəsmiləri Paşinyana açıq dəstək verir və baş verənlərlə bağlı tənqidə yol vermirlər.
"Ermənistanda Azərbaycan üçün ən təhlükəli ssenari - Rusiyanın adamlarının, yəni Rusiyanın "beşinci kolonu" sayılan erməni kilsəsinin, keçmiş prezidentlər - Qarabağ müharibəsinin əsas günahkarları olan Robert Koçaryan və Serj Sarkisyanın tərəfdarlarının, habelə Rusiyalı milyarder Karen Karapetyan kimi fiqurların yenidən hakimiyyətə qayıtması ola bilər".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, Paşinyanın Qərbyönlü siyasəti və Azərbaycanla sülhə sadiqliyi bölgədə sabitliyə xidmət edir:
"Azərbaycanla aparılan sülh danışıqlarında Ermənistan tərəfinin rəsmi nümayəndəsi məhz Paşinyandır. Azərbaycanın haqlı tələblərindən bir neçəsinin - xüsusilə Qazax istiqamətində dörd sərhəd kəndinin Azərbaycana qaytarılması və 11 kilometrlik sərhəd xəttinin delimitasiya və demarkasiyası məhz Paşinyan hakimiyyəti dövründə həyata keçirilib.
Bu kontekstdə Ermənistan daxilində Qərb-Rusiya qarşıdurmasında Nikol Paşinyanın qərbyönlü mövqeyi və Rusiyanın təsirinə qarşı göstərdiyi müqavimət əslində Azərbaycanın maraqlarına uyğun gəlir. Çünki Rusiyanın revanşist siyasətini dəstəkləyən şovinist, militarist dairələrin yenidən hakimiyyətə qayıtması bölgədə sülh prosesini təhlükəyə ata bilər.
Rusiya təsir agentlərinin, yəni "5-ci kolon" təmsilçilərinin yenidən siyasi səhnəyə qayıtmaq planları mövcuddur. Amma mən inanmıram ki, Paşinyanın Qərblə yaxınlaşması Azərbaycanla yeni ciddi qarşıdurmalara səbəb ola bilər. Nikol Paşinyan yaxşı anlayır ki, Qərblə nə qədər sıx əlaqələr qurmağa çalışsa da, əgər Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşmasa, onun "Real Ermənistan" adlandırdığı siyasi layihəsi reallaşa bilməz. Bu səbəbdən də Paşinyan bir tərəfdən Azərbaycanla sülh danışıqlarını davam etdirir, digər tərəfdən isə Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır".
Səidə Ramazanova