QHT-lərə Dövlət Dəstəyi Agentliyi Qlobal Cənub QHT-ləri üçün qrant proqramlarının genişləndirilməsini nəzərdən keçirir
11:09 SiyasətQHT-lərə Dövlət Dəstəyi Agentliyi Qlobal Cənub QHT-ləri üçün qrant proqramlarının genişləndirilməsini nəzərdən keçirir.
Bu sözləri Dövlət Agentliyinin icraçı direktoru Aygün Əliyeva bu gün Bakıda keçirilən Qlobal Cənub Platformasının təsis konfransı zamanı deyib.
"Biz Qlobal Cənub QHT-lərinin Azərbaycana olan marağına çox sevinirik. Tədbirdən öncə Agentliklə və ayrı-ayrı Azərbaycan QHT-ləri əməkdaşlıq memorandumlarının imzalanması ilə bağlı təkliflər də almışıq. Biz iki gün ərzində çalışacağıq ki, fəaliyyətin davamlılığı üçün bu anlaşma memorandumlarını imzalayaq. Gələcəkdə Qlobal Cənub QHT-lərinə yardım göstərilməsi üçün qrant proqramlarının genişləndirilməsini Agentlik hal-hazırda nəzərdən keçirməkdədir. Bu proqramlar, xarici təşkilatlara öz fəaliyyətlərini reallaşdırmaq və qlobal problemlərə həll tapmaq üçün imkan yarada bilər. Azərbaycan QHT-ləri ilə birlikdə ideya və təşəbbüsləriniz olarsa, Agentliyin qrant müsabiqələrinə müraciət edə bilərsiniz", - o bildirib.
Onun sözlərinə görə, bu qrantlar yalnız maliyyə dəstəyi deyil, həm də Qlobal Cənub QHT-lərinin bilik və bacarıqlarının artırılmasına və şəffaf fəaliyyət üçün resurslarla təmin edilməsinə, qlobal problemlərin çözülməsində QHT-lərin rolunun daha da artırılmasına şərait yaradacaq.
"Əminəm ki, iki gün davam edəcək konfrans QHTlərin maraqlı təklifləri və uğurlu təşəbbüsləri ilə yadda qalacaq, yaradılacaq Qlobal Cənub QHT Platforması isə BMTdə də daxil olmaqla bir çox mühüm təşkilatlarda bu regionda təmsil olunan milyonlarla insanın səsinə çevriləcək. Çox qürur duyuruq ki, Agentlik bu platformanın yaradılmasında tərəfdaşlardan biridir və bu gün bu zalda əyləşən Qlobal Cənubu təmsil edən vətəndaş cəmiyyətinin üzvlərinin sayəsində tarixi hərəkatın yaradılmasına şahidlik edirik. Siz qədim irsə və qonaqpərvərliyə malik bir ölkədəsiniz və burada özünüzü Vətəninizdə kimi hiss edə bilərsiniz. Qarşıdakı günlər ərzində sizi zəngin mədəni proqram və faydalı müzakirələr gözləyir", - o bildirib.
Qeyd edək ki, bu gün Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə Qlobal Cənub QHT Platformasının təsis konfransı keçirilir. Bu tədbir Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisəsi hesab olunur.