Görkəmli ictimai xadim, məşhur oftalmoloq
10:45 SiyasətAprelin 28-i Azərbaycanın görkəmli oftalmoloq alimi, tibb elmləri doktoru, professor və akademik Zərifə xanım Əliyevanın anadan olduğu gündür. Belə ki, O, 1923-cü il aprel ayının 28-də Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndində anadan olmuşdur.1932-1942-ci illərdə orta məktəbdə oxumuş və təhsilni Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində davam etdirmişdir.
1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya ixtisası üzrə kurs keçmişdir (1948).
Zərifə xanım Əliyeva 1950-ci ildə aspiranturaya daxil olmuş və 1953-cü ildə təhsilini başa vurmuşdur. 1960-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi, 1977-ci ildə isə doktorluq işini müdafiə edərək tibb elmləri doktoru adını qazanmışdır...
Zərifə xanım Əliyeva Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının müdiri və AMEA Fiziologiya İnstitutunun laboratoriya müdiri vəzifəsində çalışmışdır.
O, elmi və praktiki oftalmologiyanın inkişafında böyük rol oynamışdır. Tədqiqatları əsasən gözün peşə patologiyası, iridodiaqnostika və şəkərli diabetin gözə təsiri sahələrinə yönəlmişdir. 150-dən çox elmi əsərin və bir neçə ixtiranın müəllifidir. Zərifə xanım həm də yüksək pedaqoji fəaliyyət göstərərək bir çox gənc alimin yetişməsinə dəstək olmuşdur.
Göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məğul olan Zərifə xanım, özünün tədqiqat işlərini məhz traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr etmişdir.
Zərifə Əliyevanın traxoma xəstəliyi ilə bağlı apardığı elmi axtarışlar və səmərəli praktiki fəaliyyəti bütün respublika miqyasında böyük maraqla izlənilirdi. O, 1968-ci ildən başlayaraq peşə ortalmologiyasının problemləri ilə ciddi məşğul olmuşdur. Təsadüfi deyil ki, onun elmi uğurları sırasında peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinə həsr olunmuş tədqiqatları xüsusi yer tutur.
Diqqətəlayiqdir ki, Ümummilli Lider Heydər Əliyev respublikamızın tərəqqisi naminə Azərbaycanda sənayeni yeni inkişaf mərhələsinə yüksəltdiyi bir vaxtda, Zərifə Əliyeva təzə tikilmiş zavod və fabriklərdə işləyən sadə zəhmətkeşlərin qayğısına qalır, onların peşə xəstəlikləri probleminin həlli uğrunda çalışırdı.
Zərifə Əliyeva peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərini dünyada ilk araşdıran alimlərdən olmuş, əslində, elm aləmində yeni bir istiqamətin- peşə oftalmologiyasının əsasını qoymuşdur. Dünyada bu sahədə ilk elmi tədqiqat laboratoriyasını da məhz o, yaratmışdır. Zərifə xanım, həmçinin apardığı tədqiqatların gedişində "Göz yaşının axmasının fiziologiyası", "Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri", "Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti" və s. kimi onlarla elmi məqalə və monoqrafiya dərc etdirmişdir.
Zərifə xanım Əliyevanın elmi yaradıcılığının və praktiki fəaliyyətinin nəticəsi olaraq tibb elminə gətirdiyi yeniliklər hələ onun sağlığında respublikamızın sərhədlərini aşmış və Azərbaycan aliminə beynəlxalq səviyyədə böyük şöhrət qazandlrmışdı.
Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq "Bilik" Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.
Dünyaca nüfuzu olan, oftalmoloq, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Göz xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik M.Krasnov Zərifə Əliyeva haqqında xatirəsində yazırdı: "Zərifə xanım qeyri-adi insan idi; başqa istedadlı şəxsiyyətlər kimi o da hər cəhətdən istedadlı idi. Mənim anlamımda isə hər şeydən öndə həyat istedadı və insanilik dayanır. Biz böyük insanı itirdik.Sağlığında da onun yeri görünürdü, ölümündən sonra da! Zərifə xanım Əliyeva haqqında xatirələrimi bir sözlə ifadə etməli olsaydım deyərdim: -O, həm xeyirxah idi, həm də qüdrətli idi!"
O dövrdə ümumittifaq mükafatları müttəfiq respublikalardan olan alimlərə tək-tək hallarda verilirdi. Amma peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə Zərifə Əliyeva SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatına- SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafata layiq görülmüşdür.
Professor Zərifə Əliyeva həm də həmin mükafatla təltif edilən ilk qadın alim idi. Bütün bunlar onun elmi araşdırmalarının beynəlxalq səviyyədə də yüksək qiymətləndirilməsinə bariz sübutdur.
Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişmişdir. İnsanlara nur paylayan bu gözəl insanın, xoşbəxt və mehriban ananın xatirəsi hər bir azərbaycanlı üçün əzizdir. Ondan geriyə qalan çox şey var, saysız-hesabsız elmi işlər, dərdlərinə dərman olduğu minlərlə insanın xeyir-duası, bitməz-tükənməz sevgi və nur seli...
Vüqar Sərdarov
İçəri Şəhər Qoruq İdarəsinin Elmi Mədəni
Mərkəzin Direktor Müavini, YAP Səbail rayon Ərazi
Təşkilatının sədri