Azərbaycan -Çin münasibətləri həmişə qarşılıqlı hörmətə əsaslanıb- ÖZƏL

Azərbaycanla Çinin kifayət qədər perspektivli münasibətləri mövcuddur. Biz, əvvəla, nəzərə almalıyıq ki, bu gün Çin dünyanın əsas iqtisadi nəhənglərindən biri halına gəlib və dünya coğrafiyasında baş verən hansısa siyasi dəyişikliklər, eyni zamanda, iqtisadi qərarlarda Çinin mövqeyi nəzərə alınmadan hərəkət edilmir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Tural İsmayılov bildirib:

"O baxımdan da Çinin, özəlliklə Asiya coğrafiyasındakı hegemon iqtisadi gücü, həmçinin bölgə ilə bağlı siyasi qərarların qəbul edilməsində nə qədər vacib və həlledici siyasi statusa malik olduğunu nümayiş etdirib. Azərbaycan-Çin münasibətləri həmişə qarşılıqlı hörmətə əsaslanıb. İndiyə qədər Çin  Azərbaycanın ərazi bütövlüyünü, bütün beynəlxalq təşkilatlarda beynəlxalq hüququn prinsiplərindən irəli gələn formada dəstəkləyib. Azərbaycan da Çinə qarşı vahid Çin yanaşmasını qəbul edib. Yəni, Tayvan məsələsi ətrafında beynəlxalq siyasi manipulyasiyalarda heç vaxt separatçılığı dəstəkləməyib. Azərbaycan hər zaman Tayvanı Çinin bir hissəsi hesab edib. İnsan hüquqları və s. adı altında Çinin Sincan Uyğur Bölgəsindəki hadisələrin siyasiləşdirilməsinə qarşı çıxıb, bu məsələdə kifayət qədər ehtiyatlı mövqe tutub və təbii ki, bütün bu hadisələr də Çin tərəfindən yüksək qiymətləndirilib. Nəhayət, Astanada Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşündə cənab Prezident İlham Əliyevlə Çin rəhbəri Si Tsinpin arasındakı görüşdə strateji müttəfiqliklə bağlı birgə bəyannamənin imzalanması, Azərbaycan-Çin münasibətlərini növbəti bir mərhələyə daşımış oldu. Burada ölkələr beynəlxalq məsələlərlə bağlı öz mövqelərini aydın ifadə etdilər. Hər iki ölkənin beynəlxalq diplomatik gündəmlə bağlı oxşar mövqeləri var. Hesab edirəm ki, bütün bu siyasi əlaqələrin dərinləşməsi iqtisadi baxımdan da Azərbaycana böyük töhfə vermiş olacaq. Azərbaycan-Çin iqtisadi münasibətləri daha da inkişaf edəcək".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31