Azərbaycan Liderinin sərgilədiyi mövqe ölkəmizi iqtisadi əlaqələrin mübahisəsiz lövbərinə çevirib- ÖZƏL
3 İyul 2024 16:42 Siyasət"Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər dünya torpaqlarının 60 faizindən çox ərazisini tutur, əhalisinin isə üçdə birindən çoxu olmaqla dünya enerji ehtiyatlarının da təxminən 45 faizini özündə biləşdirir. ŞƏT əhatə etdiyi ərazilərdə iqtisadi deyil, beynəlxalq vəziyyətdə, geosiyasi proseslərdə mühüm rol oynayır, ciddi təsir göstərir".

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Bəli, hər nə qədər əks, soyuq cərəyanlar vasitəsilə təsirlərə cəhd edilsə də o da inkarolunmaz faktdır ki, son illər ərzində Şanxay Əməkdaşlıq Təşkilatı beynəlxalq statusu baxımından güclənir. Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq" mövzusuna həsr olunacaq Zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin maraqlarının müxtəlif aspektləri, o cümlədən geosiyasət, təhlükəsizlik, iqtisadiyyat və regional siyasət məsələləri müzakirə olunacaq. ŞƏT-də müşahidəçi statusu almaq niyyətində olan Azərbaycan təşkilatla aktiv təmasdadır. Belə ki, hal-hazırda və deyərdim ki, hələlik dialoq tərəfdaşı statusuna sahib olmasına baxmayaraq tərəflər bir sıra aspektləri əhatə edən məsələləri diqqət mərkəzində saxlayır.
Bütün bunlara toxunmadan öncə bir önəmli amil üzərində dayanmaq zərurəti yaranır. Belə ki, beynəlxalq münasibətlər nüfuz amilini maddi və strateji məqsədlərə tabe olan ideya quruluşu kimi qəbul etməyə meyillidir. Dövlət başçısının nüfuzu da tarix boyu birbaşa, təsadüfi və ya gizli olmayan amil kimi dəyərləndirilir, bir neçə istisnadan başqa bu amilin siyasətə təsir vasitəsi kimi cəlb olunduğu inkarolunmaz faktdır. Habelə, bir dövlət başçısının nüfuzu onun siyasi davranışın davamlı və əsas xüsusiyyətidir. Liderin nüfuzu fərqlidir, bəli, gücdən təcrid olunmur, lakin onun özündə də maddi, sosial təsirlər qədər təbii amillər önəmlidir. Dövlət başçımıza göstərilən münasibət, sözünün, təşəbbüslərinin yüksək dəyərləndirilməsi, Azərbaycan Liderinin üzvü olduğumuz beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığımız təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, bu dəfə də bu cür nüfuzlu təşkilatın Sammitinə ikinci dəfə dəvət edilməsi bu iddiaları dəstəkləmək üçün növbəti empirik əsasdır.
Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini özündə birləşdirən belə vacib beynəlxalq platformada Azərbaycan da iştirak edirsə, deməli, bir daha sübut olunur ki, biz qlobal proseslərdə müşahidəçi deyil, təşəbbüskar ölkəyik. Azərbaycanın Lideri dünya sistemində genişspektrli regional və qlobal dəyişikliklərin idarə olunmasında mühüm rol oynayır, dünyanın kollektiv taleyinin formalaşmasında iştirak edir. Azərbaycan Liderinin sərgilədiyi mövqe ölkəmizi iqtisadi əlaqələrin mübahisəsiz lövbərinə çevirib. Bu baxımdan da ŞƏT-də müşahidəçi statusu almağımız sözügedən mötəbər qurum üçün də son dərəcə əhəmiyyətlidir. Bu isə cənab Prezident İlham Əliyevin illər ərzində gecə-gündüz demədən inşa etdiyi etimad qalasının bir parçasıdır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, BMT-dən sonra dünyada ən böyük təsisat olan Qoşulmama Hərəkatına uğurlu sədrliyimiz, ölkəmizin dünyanın ən mötəbər tədbiri olan COP29-a ev sahibliyi etməyimiz əyani sübutlardır. Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanının bu dəfə də ŞƏT-in Astana Sammitində beynəlxalq kürsüdən COP29 ilə bağlı mesajlarımızı çatdırması həm onun Liderliyinin bu mötəbər platforma vasitəsilə bir daha sübut olunmasıdırsa, bu həm də Azərbaycan xalqının qlobal çağırışlara verdiyi səmərəli töhfəsinin göstəricisidir. Bu Sammitdə iştirak etməklə Azərbaycan bir daha multilateralizmə önəm verdiyini, daha çox dövlətlər arasında əlaqələndirilmiş yanaşmanın məqbulluğunu qəbul etdiyini göstərir.
Təəssüflər olsun ki, dünyada terrorizm və narkotik ticarəti təhlükə mənbəyi olaraq qalır. Azərbaycan terrorizm, ekstremizm və separatizmə qarşı mübarizə apararaq regional stabilliyi təmin etməklə yanaşı, qlobal təhlükəsizliyə də töhfə verən ölkədir. Sammitdə ŞƏT-in bu məsələdə potensial rolu, onun imkan, fürsət və məhdudiyyətləri, bu həllin qarşısında duran çətinliklər müzakirə olunacaq.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan konsepsiya cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin toqquşmasında yerləşməyimiz xalqımızın maddi rifahının yaxşılaşdırılmasına xidmət edir. Yeni logistika zəncirlərinin qurulması, eləcə də dəmir yolu və dəniz nəqliyyatı üzrə daşıma xərclərinin azaldılması üçün əlaqələndirilmiş addımların atılması indi daha da zəruridir. Qısa müddətdə Şərq-Qərb və Şimal-Cənub dəhlizləri çərçivəsində iqtisadiyyatlar arasında qarşılıqlı ticarəti artırmaq imkanları aktual müzakirə predmetidir. İstisna etmirəm ki, ŞƏT ölkələri "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində nəqliyyat-logistika imkanlarının inkişafı və fasiləsiz logistik xidmətlərin işə salınması üçün şərait yaradılması perspektivlərini də müzakirə edəcəklər.
Şanxay Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu təsisatın Sammitində növbəti dəfə iştirak Azərbaycan Prezidenti İlham Əliyevin nüfuzundan, dövlətimizin gücündən xəbər verir. Şərqlə Qərb arasında mövcud körpü rolunu oynamağımız, vicdanlı vasitəçilik missiyamız Azərbaycanın reputasiyasının mənşəyidir".
Zeynəb Rzayeva