Şübhəsiz yeni parlament ölkəmizin hərtərəfli inkişafına öz layiqli töhfəsini verəcək- ÖZƏL

"Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezident İlham Əliyevin müvafiq  Sərəncamı ilə 1 sentyabr 2024-cü il tarixində ölkəmizdə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkiləri keçiriləcək. Azərbaycan Milli Məclisinə sonuncu seçkilər də növbədənkənar olmaqla 2020-ci ilin fevral ayının 9-da keçirilib. Həmin seçkilər əsasında formalaşan altıncı çağırış Milli Məclis ötən müddət ərzində respublikamızın daxili və xarici siyasətinin həyata keçirilməsində, dövlət idarəetməsinin daha da təkmilləşdirilməsində yaxından iştirak edib, qanunvericilik fəaliyyətini həyata keçirməklə, üzərinə düşən vəzifələri yerinə yetirib".

"Olaylar" xəbər verir ki, bunu YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib:

"Xüsusilə qeyd edilməlidir ki, Prezident İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında verdiyi tövsiyələrə uyğun olaraq bu dövrdə parlamentin qanunyaratma və qanunvericilik fəaliyyətinin təkmilləşdirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi, qanunların icrasına nəzarət və təmsilçilik funksiyalarının müasir tələblər səviyyəsində qurulması yolunda lazımi addımlar atılıb. Milli Məclis islahatların hüquqi bazasının daha da möhkəmləndirilməsi və təkmilləşdirilməsinə layiqli töhfələr verib. Heç şübhə yoxdur ki, bu il keçiriləcək seçkilərdən sonra da formalaşacaq Milli Məclis ölkəmizin hər tərəfli, ümumi inkişafına öz layiqli töhfəsini verəcəkdir. Bütün mütərəqqi tərəfləri ilə yanaşı, növbədənkənar parlament seçkiləri yeni dövrün reallığı olmaqla yanaşı ölkəmizdə demokratiyanın növbəti təntənəsi kimi də şanlı tariximizdə öz yerini tutacaqdır".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31