Erməni tərəfi spekuliyasını davam etdirməkdədir- ÖZƏL
1 İyul 2024 11:00 Siyasət"Hazırda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi Azərbaycan üçün ən əsas məsələdir. Bu səbəbdəndir ki, ərazilərini işğaldan azad etmiş dövlətimiz Ermənistana sülh sazişi imzalamağı təklif edib".
Olaylar xəbər verir ki, bunu millət vəkili Sevinc Fətəliyeva deyib:
"Rəsmi İrəvan da sülhdən danışır, amma görünür ki, bu, yalnız spekulyasiya xarakteri daşıyır. Ermənistanın bəzi rəsmi şəxslərinin, o cümlədən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın son açıqlamaları da bundan xəbər verir".
Deputat bildirib ki, Ermənistan Cənubi Qafqazda sülhün tərəfdarıdırsa, Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır: "Çünki bu ölkənin konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları hələ də qüvvədə qalır. Azərbaycan rəsmi səviyyədə bununla bağlı dəfələrlə rəsmi xəbərdarlıq edib. Nəzərə almaq lazımdır ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında "Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli "Ermənistan SSR-ə yenidən birləşmək haqqında" birgə qondarma qərar yer almaqdadır. Yəni rəsmi olaraq Ermənistan hələ də Azərbaycan torpağına iddia ortaya qoyur. Yəni, fakt açıq-aşkar ortadadır və əlavə şərhə ehtiyac yoxdur. Lakin erməni tərəfi bu mövzuda spekulyasiyanı davam etdirməkdədir. Əslində, bu, beynəlxalq ictimaiyyətin diqqətini iki ölkə arasında sülhə nail olmaq üçün maneə təşkil edən çağırışlardan yayındırmaq niyyətindən başqa bir şey deyil".
Alim Hüseynli
Olaylar.az