ABŞ bu məsələdə Ermənistana təzyiq etməlidir...-ÖZƏL
28 İyun 2024 21:11 Siyasət"ABŞ Dövlət katibi Ceyms Ochr("39")Braynın Azərbaycana səfəri və bu səfər öncəsi verdiyi açıqlamalar diqqətləri öz üzərinə çəkdi. Belə ki, o, səfər öncəsi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının zamanının yetişdiyini bildirərək hər iki tərəfi sülh müqaviləsi imzalamağa çağırdı".
Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib:
"Digər tərəfdən onun ikinci bəyanatı Orta Dəhlizlə bağlı olan bir mövqe idi. Belə ki, Ceyms Ochr("39")Brayn bildirdi ki, ABŞ Orta Asiyadan daşınan yüklərin Çin və Rusiya üzərindən deyil, Orta Dəhlizlə daşınmasına tərəfdardır. Orta Dəhlizin əsas komponentlərindən biri kimi ad çəkməsə də, Zəngəzur dəhlizini işarə etdi. Hesab edirəm ki, bugünkü görüşmələrdə müzakirə olunan əsas məsələlərdən biri məhz Zəngəzur dəhlizinin açılması, ikincisi, sülh müqaviləsinin imzalanması ilə bağlı olacaq. Bu məsələlərlə bağlı mövqelərin dəqiqləşdirilməsi müzakirə edilməlidir. Belə ki, ABŞ sülh müqaviləsinin imzalanması məsələsində Azərbaycandan fərqli düşünür. Azərbaycan hesab edir ki, Ermənistan konstitusiyasında və digər qanunvercilik aktlarında Azərbaycana qarşı olan ərazi iddiaları yığışdırılmalıdır. Bundan sonra tam şəkildə sülh müqaviləsinin imzalanmasından danışmaq olar. Amerika tərəfindən ən azı ekspert səviyyəsində verilən münasibət odur ki, konstitusiya dəyişikliyi olmadan sülh müqaviləsi imzalana bilər. Təbii ki, Azərbaycan bununla razı deyil. Bu məsələ həm də Azərbaycan Prezidentinin Dövlət katibi Entoni Blinkenlə telefon danışığında da xüsusi vurğulanmışdı. Yəqin ki, bu məsələlər ətrafında müzakirələr aparılacaq və ABŞ ən azından Ermənistana təzyiq imkanları olduğundan bu məsələdə Ermənistana təzyiq etməlidir. Zəngəzur dəhliziylə bağlı məsələyə gəldikdə isə, Azərbaycanın üçtərəfli bəyanata əsasən Ermənistandan tələbləri var. Tələb olunur ki, Azərbaycandan Azərbaycana, yəni Naxçıvana gedib-gələn yüklər, nəqliyyat vasitələri və vətəndaşlar maneəsiz və təhlükəsiz hərəkət etməlidir və Ermənistan buna təminat verməlidir. Bu baxımdan dəhlizə nəzarət məsələsi də gündəm məsələlərdən biri olacaq. Təbii ki, ABŞ-nin öz marağı var. ABŞ sülh müqaviləsinin imzalanmasına nail olmaqla həm Rusiyanın bölgədən sıxışdırılması istiqamətində ciddi bir atmış olur, eyni zamanda Bayden administrasiyası seçki ilində xarici siyasətdə uğurlar sırasında bu məsələni də göstərməklə həm ümumi seçkilərdən, eyni zamanda erməni diasporasının aktiv dəstəyinə nail olmağa çalışır. Bu baxımdan qeyd etdiyimiz kimi iki məsələ:sülh müqaviləsi və Zəngəzur dəhlizinin açılması və onun şərtləri ilə bağlı məsələlər gündəm məsələsi olacaq. Təbii ki, ikitərəfli münasibətlər, onun inkişafı da müzakirə mövzusudur deyə bilərik".
Zeynəb Rzayeva
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31