Azərbaycan o torpaqları özünün hərbi, iqtisadi və diplomatik bacarığına görə geri qaytarıb- ÖZƏL
27 İyun 2024 18:23 Siyasət"Əvvəla, onu qeyd edək ki, məsələyə ritorik olaraq baxdığımızda həm Ermənistanın mövqeyi, həm də Rusiyanın mövqeyi başdan ayağa yanlışdır. Birincisi, Armen Qriqoryan Qarabağın işğaldan azad olunmasını Rusiya faktoruna bağlayıb".

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Kazım Kazımov bildirib:
"Siyasətdə buna siyasi avantüra deyirlər, həqiqətən də siyasi avantüra ilə məşğul olur. Birincisi, Kreml Ermənistanın arxasında olsaydı da, olmasaydı da Azərbaycan torpaqlarını işğaldan azad edəcəkdi. Biz cənab Prezidentin müharibə dövründəki və müharibədən əvvəl və sonrakı çıxışlarına baxdığımızda gördük ki, istər regional, istər qlobal qüvvələr, kim bizə qarşı durmağa çalışsa da, Azərbaycan onlara qarşı mübarizə aparacaqdı. Biz erməni lobbisini arxasında kimlərin olduğunu çox yaxşı bilirik. Biz sadəcə Ermənistana qalib gəlməmişik, onların havadarlarına da qalib gəlmişik. Yəni ona görə də Armen Qriqoryan öz uğursuzluqlarını Rusiya faktoru ilə gizlətməyə çalışmasın. Zaxarovanın cavabına gəldikdə isə, Zaxarova öz əraziləri deyə bir fikir səsləndirib. Birincisi Qarabağ tarixən və hüquqi olaraq heç vaxt Ermənistan ərazisi olmayıb. Bunu Rusiya Federasiyası da qəbul edir, Azərbaycan torpaq bütününü tanıyır. Buna rəğmən Zaxarovanın belə bir fikir səsləndirməsi məncə yaxşı nələrsə vəd etmir. Burada biz bir növ bunu hiss edirik ki, Zaxarova sanki köhnə klana-Sarkisyan Koçaryan klanına bir mesaj verməyə çalışır. Guya deməyə çalışır ki, baxın, bizimlə yaxşı yola getməyən onlar məğlubiyyətə düçar oldular. Burda da Zaxarova siyasi manevr edərək bu Qriqoryanın boş fikrindən bəhrələnməyə çalışır. Ancaq iki tərəfdə- Moskva da, İrəvan da çox yaxşı bilir ki, Azərbaycan o torpaqları kiminsə güzəştə getməyinə, kiminsə siyasi xəttinin dəyişdirilməsinə görə yox, özünün hərbi, iqtisadi və diplomatik bacarığına görə geri qaytarıb".
Zeynəb Rzayeva