Zaxarova Putinin bu fikrinə zidd mövqe ortaya qoymaqla öz prezidentini təkzib etmiş olur- ÖZƏL

"Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan növbəti dəfə Azərbaycan Ermənistan arasında sülh münasibətlərinin normallaşmasına yaranan ümidlərə zərbə vuran kifayət qədər avantürist, reallıqdan tamamilə zidd bir açıqlama ilə çıxış edibdir".

Bu fikirləri politoloq Anar Əliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Qriqoryan guya Rusiyanı ittiham edərək, "Rusiya Qarabağı Ermənistandan alıb Azərbaycana verdi" kimi gülüş doğuran, amma eyni zamanda, arxasında çox ciddi hiyləgər məqsədlərin dayandığı, yəni Azərbaycanla Ermənistan arasında sülh prosesinə, sülh gündəliyinə zərbə vurmaq, bununla da Qərb havadarlarının maraqlarına xidmət edən situasiya formalaşdırmaq məqsədi güdən bir açıqlama verib. Hesab edirəm ki, bu açıqlamanın özü kifayət qədər ziddiyyətli və reallıqları əks etdirməməklə yanaşı, həm də Qərbin son dövrlər Ermənistana artan diplomatik trafikinin nəticəsi olaraq məhz Qərbdən verilən sifarişin təzahürləridir. Qərb heç də belə sürətli və indiki şərtlər daxilində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını qəbul etmək istəmir. Buna görə də bütün mümkün variantlardan, eyni zamanda Qriqoryan kimi əlaltıları vasitəsilə ritorik səviyyədə danışıqlar prosesinə zərbə vurmağa çalışır. Amma eyni zamanda, biz Qriqoryanı və onun kimilərini yaxşı tanıdığımız üçün bu açıqlamaların məqsədi də bizim üçün tamamilə aydındır. Amma təəssüf ki, bu açıqlamaya Rusiya Xarici İşlər nazirinin sözçüsü Mariya Zaxarova açıqlamaya cavab verərkən reallıqlara qətiyyən uyğun olmayan, tam əksinə, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan və Azərbaycan Rusiya arasındakı mövcud münasibətlərin ruhuna zərbə vuran, zidd olan mövqe ortaya qoydu. Mariya Zaxarova Qarabağda separatçılığa, işğal siyasətinə qarşı Azərbaycanın başlatdığı Vətən müharibəsi dövründə məhv edilən terrorçuları, separatçıları öz əraziləri uğrunda həyatlarını qurban verən qəhrəmanlar kimi təqdim etməyə çalışıb. Eyni zamanda bu açıqlaması ilə Qarabağın guya Ermənistan əraziləri olduğunu və həmin şəxslərin də terrorçu, separatçı deyil, məhz dırnaq arasında öz əraziləri uğrunda mübarizə aparan şəxslər kimi qəhrəmanlar kimi təqdim edibdir. Hesab edirəm, bu 2022-ci il 22 fevral tarixli Rusiya ilə Azərbaycan arasında imzalanmış qarşılıqlı birgə fəaliyyət haqda strateji əməkdaşlıq sazişinin ruhuna zidd olmaqla yanaşı, başlıca olaraq Rusiya prezidenti Vladimir Putinin Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi zamanı səsləndirdiyi mövqeyə, yəni öz prezidentinin mövqeyinə daban-dabana ziddiyyət təşkil edir və bununla əslində, Mariya Zaxarova Rusiya prezidenrinə qarşı çıxmış, onu təkzib etmiş olur. Çünki bildiyimiz kimi, Vladimir Putin Vətən müharibəsi davam etdiyi dövrlərdə bir neçə dəfə Azərbaycanın öz ərazilərində müharibə apardığını bəyan etmişdi. İndiki açıqlama ilə əslində Zaxarova Putinin bu fikrinə zidd mövqe ortaya qoymaqla öz prezidentini, öz liderini təkzib etmiş olur. Hesab edirəm ki, Rusiya rəsmiləri buna açıqlama vermək, bu fikri təkzib etmək məcburiyyətindədirlər. Əks halda, Mariya Zaxarova kimilərinin Rusiya prezidentinin mövqeyi ilə hesablaşmadığının, onu ciddiyə almadıqlarının qənaətinə gələcəyik. Amma eyni zamanda hesab edirəm ki, bu, həm də məqsədli şəkildə Ermənistan və Rusiya arasındakı söz davasına, ritorik mübarizəyə üçüncü tərəfin daxil edilməsinə uğursuz bir cəhddir və bu mənada Azərbaycan dövlətinin belə qeyri-ciddi, məsuliyyətsiz bəyanatlara rəsmi mövqe sərgiləmək və ya tələb etmək o qədər də zəruri deyil. İctimai qaydada xalqın reaksiyası, etirazı ilə Mariya Zaxarova kimilərinin Rusiyanın bölgədəki Azərbaycandakı nüfuzuna zərbə vurmağa xidmət edən açıqlamalarına sərt reaksiyamızla biz mövqeyimizi ifadə etməliyik. Hesab edirəm ki, bunu kütləvi informasiya vasitələrində daha geniş şəkildə təbliğ etmək və Mariya Zaxarova kimilərinin Rusiya Azərbaycan arasındakı dostluq münasibətlərinə, eyni zamanda iki lider arasındakı xoş münasibətlərə zərbə vuran belə açıqlamalardan çəkinməyə dəvət etməliyik".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31