Parlament seçkiləri və dəyişən Azərbaycan

Məlumdur ki, yaxın aylarda Azərbaycan tarixində ilk dəfə olaraq 86.6 min kv km ərazimizin bütün şəhər, qəsəbə və kəndlərində, bütün seçki dairələrində parlament seçkiləri keçiriləcək. Sevindirici haldır ki, bu parlament seçkilərində Qarabağı və Şərqi Zəngəzuru, o torpaqların həqiqi sahibləri təmsil edəcəklər, yerli azərbaycanlı əhali seçki məntəqələrində öz namizədlərinə səs verəcəklər.

Politoloq Zaur Məmmədov bildirib ki, hazırda bütün Avrasiyada çox ciddi proseslərin getdiyi bir dövrdə Azərbaycanda eyni ildə prezident və parlament seçkilərinin keçirilməsi daxili və xarici çağırışlar fonunda daha çevik siyasi qərarların verilməsi, idarəetmənin optimallaşması, təhlükəsizliyimizin və milli maraqlarımızın daha effektiv şəkildə reallaşması üçün olduqca lazımlıdır, vaxtında atılmış addımdır: "2025 - ci ildən başlayaraq Cənubi Qafqazda regional və beynəlxalq aktorlar arasında geosiyasi çəkişmənin artacağını və kəskinləşəcəyini nəzərə alsaq, sadalananlar xüsusi aktuallıq daşıyır. Məlumdur ki, hələ müharibədən əvvəl Azərbaycan cəmiyyəti daxilində siyasi qruplar arasında münaqişəli vəziyyət yaratmaq, cəmiyyəti parçalamaq, gəncləri düzgün yoldan döndərmək üçün müxtəlif xarici qüvvələr tərəfindən genişmiqyaslı addımlar atılmaqda idi. 44 günlük müharibədən sonra Qərbin ayrı-ayrı fondları və bəzi qonşularımız qalib Azərbaycan dövləti və cəmiyyəti arasına nifaq salmaq üçün əllərindən gələni edirdilər. Lakin, son proseslər bir daha sübut etdi ki, Azərbaycan hakimiyyəti tərəfindən ideoloji siyasət istiqamətində boşluqlar yoxdur, sistemli milli dövlətçilik siyasəti dayanıqlı və davamlıdır.
Məlumdur ki, son illər davam etməkdə olan islahatlar çərçivəsində siyasi mühitdə, ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, siyasi partiyalar və bir çox bu kimi institutlar arasında bağların möhkəmləndirilməsi və eyni zamanda, şəffaflaşdırılması, sağlam mühitin yaradılması istiqamətində addımlar atıldı. Tez bir zamanda biz siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə münasibətlərə dair yeni yanaşmanın şahidi olduq. Çox qısa  vaxt ərzində biz  partiyaların bir yerə yığılması, partiyalar və hakimiyyət arasında dialoqa start verilməsi nəticəsində bu istiqamətdə sağlam mühitin formalaşmasına şahidlik etdik. Nəticə etibarilə vaxtilə bir-birilərinə qarşı birmənalı münasibət bəsləməyən partiyalar arasında qeyri-formal dialoq mühiti artıq yaranmışdır".  
Politoloq qeyd edib ki, hər bir cəmiyyət üçün vacib əsaslardan biri ideoloji bağların möhkəmliyi, ideologiyanın sistemli şəkildə olmasıdır: "Bu illər ərzində biz bəzi ölkələrdə, o cümlədən MDB məkanında xarici aqressiya zamanı pərakəndəliyin siyasi partiyalar arasında, siyasi hakimiyyətlə mübarizənin daha da qızğınlaşmasına səbəb olduğuna şahidlik etdik və edirik. Eyni situasiyanı 1990-cı illərin əvvəllərində ölkəmizdə də müşahidə etmişik. Belə ki, həmin vaxtlar - Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal etdiyi dövrdə kifayət qədər ciddi şəkildə siyasi qeyri-sabitlik hökm sürür, hakimiyyət uğrunda mübarizə gedir, siyasi partiyalar arasında intriqalar yaşanırdı. Baxmayaraq ki, həmin dövrdə də həmrəy olmaq və ümumi düşmənə qarşı mübarizə aparmaq lazım idi. 44 günlük müharibədən əvvəl birlik ölkəmiz üçün vacib idi. Ölkə başçısının uzaqgörənliyi nəticəsində hələ müharibə başlamazdan əvvəl həmrəyliklə nəticələnən dialoqlara start verilmişdi. Nəticədə müharibə dövründə siyasi partiyaların hər biri dövlətimizin başçısına dəstəyini ifadə etdi, hakimiyyətlə eyni mövqedə çıxış etdi. Vətən müharibəsindən sonra da eyni halın şahidi oluruq. Çünki müharibə bitsə də, Azərbaycana qarşı müxtəlif səpkilərdə informasiya, ideoloji mübarizə davam etməkdədir. Odur ki, həmin ideologiyanın vahid mərkəzdən idarə olunması olduqca vacibdir və uğurla bu gün də  həyata keçirilir.
Bu gün ölkəmizdə yeni siyasi konfiqurasiya, yeni dialoq mərhələsi, yeni tanıtımlar, yeni danışıq tərzi, yeni siyasi mədəniyyət forması artıq reallaşıb. Belə bir fonda növbəti parlament seçkilərinin nəticələrinə görə Milli Məclisdə formalaşacaq yeni siyasi mühit,  sözsüz ki, siyasi palitranın rəngarəngliyinə və müxtəlifliyinə gətirib çıxararaq, onların yeni situasiyada vahid amal uğrunda hakimiyyət- cəmiyyət konfiqurasiyasına əməli töhfələr vermələrinə şərait yaradacaq.
Baharda Rusiya, iyunda Aİ - də baş tutan, bu günlərdə İran, payızda isə, ABŞ və Gürcüstanda baş tutacaq seçkilər 2025 - ci ildə dövlətlərarası münasibətlərin, regional proseslərin kifayət qədər dinamik olacağından xəbər verir. Qarşıdakı aylarla və illərdə Azərbaycan - Ermənistan arasında danışıqlar prosesi, Qərbi Azərbaycana Qayıdış, ölkəmizin böyük Avrasiyanın enerji, yaşıl enerji və nəqliyyat - kommunikasiya xəttindəki rolu rəsmi Bakı üçün əsas prioritetlər olmaqda davam edəcək. Sözsüz, dövlət institutların fəaliyyəti, cəmiyyət daxilində siyasi, sosial, iqtisadi qruplar arasındakı həmrəylik yeni hədəflərimizə çatmağımız üçün vacib olacaqdır".
Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31