Bu vasitə ilə ABŞ nəyə nail olacaq? - ÖZƏL
27 İyun 2024 14:03 Siyasət"Ceyms O Braynın bu bəyanatı bir daha onu göstərir ki, ABŞ özünün 90-cı illərdən etibarən formalaşan Avrasiya strategiyasına sadiq olaraq qalmaqdadır. Nədən ibarətdir bu strategiya? Bu barədə elə 1997-ci ildə ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri olan Zbiqnev Bjezinskinin işıq üzü görən "böyük şahmat taxtası" əsərində də qeyd olunur ki, ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiya kimi strateji əhəmiyyətli regionlarda öz təsir dairəsini genişləndirməlidir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Sultan Zahidov bildirib:
"Çünki bu regionların həm enerji potensialı böyükdür, həm də eyni zamanda, bu regionlarda nəqliyyat, kommunikasiya, tranzit imkanları böyükdür. Bu vasitə ilə ABŞ nəyə nail olacaq? Birincisi, həmin regionlardan Rusiyanın sıxışdırılması, nüfuzunun azaldılması məsələsi var. İkincisi də ki, həmin regionlarda keçən enerji dəhlizi vasitəsilə Avropanın Rusiyadan asılılığının azaldılması məsələsi var və nəhayət, üçüncüsü, Çinin təsir dairəsinin zəiflədilməsi məsələsi var. Bu baxımdan hazırkı Rusiya, Ukrayna müharibəsi fonunda ABŞ üçün bir fürsət yaranıb ki, həm Cənubi Qafqaz və Mərkəzi Asiyada öz rıçaqlarından istifadə edərək təsir dairəsini genişləndirsin. Sadəcə buna mane olan amillər var. Birincisi, Rusiya bunu istəmir. İkincisi, Çin bunu istəmir. Üçüncüsü, region ölkələri özləri də heç də ABŞ-nin bu bəyanatlarının səmimi olduğuna inanmırlar. Çünki ABŞ-nin mövqeyində vaxtaşırı, fərqli yanaşmalar da olub. Misal üçün, Cənubi Qafqaz siyasətində açıq aşkar ermənipərəst siyasət nümayiş olub. Elə xatırlatmaq lazımdır ki, elə ötən payız aylarında Senatın Xarici əlaqələr komitəsində Ceyms O Braynın çıxışı var idi və həmin çıxışında açıq-aşkar ermənipərəst bir mövqe ortalığa qoymuşdu. Bu baxımdan Azərbaycan bu günə qədər olduğu kimi, bundan sonra da milli maraqlarına, milli maraqları rəhbər tutaraq xarici siyasəti davam etdirəcəkdir. Bu milli maraqlar ilk növbədə Azərbaycanın dövlətçiliyini, Azərbaycan xalqının rifahını əsas götürür. Azərbaycan həm Rusiyayla, həm Çinlə, həm də ABŞ ilə multivektoral xarici siyasətin tərəfdarıdır. Heç bir qütbün yanında yer almır, balanslı siyasət yürüdür və bundan sonra da bu siyasətini davam etdirəcəkdir".
Zeynəb Rzayeva