İrəvanın Bakıya təklifinin əsas hədəfləri...
24 İyun 2024 10:39 SiyasətErmənistan Respublikasının baş nazirinin ofisi Azərbaycana atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizmin tətbiqinə başlamağı təklif edib. Əlbəttə ki, bu təklif mahiyyət etibarilə hərbi və humanitar xarakterli olsa da, əslində birbaşa siyasi gedişdir. Təbii ki, Azərbaycanın bu təklifi qəbul edəcəyi böyük sual altındadır. Əlbəttə, Ermənistan öz daxilində istədiyi nəzarət mexanizmi yarada bilər, ancaq sonradan onun beynəlxalq hüquqa malik status qazanmasına Azərbaycan yol verən deyil. Ermənistan və Azərbaycan münasibətlərində üçüncü tərəfin iştirakı bağlanmış mövzudur və bu Azərbaycanın qəti və dəyişməz mövqeyidir.
İlk hədəf odur ki, Ermənistan- Azərbaycan şərti sərhəddində delimitasiya dayandırılsın və ya proses müəyyən müddətə yubansın. Ona görə ki, delimitasiyada Ermənistanın Azərbaycana güzəştləri qaçılmazdır və bu hal Paşinyan hakimiyyəti üçün təhlükə və etimatsızlıq yaradır. Təbii ki, atəşkəs rejiminin pozulmasının araşdırılması üzrə nəticə ilə tərəflərin, xüsusən Ermənistanın razılaşmaması, insidentin araşdırılmasında üçüncü tərəfin iştirakına ehtiyac yaradır. Sözsüz ki, bu üçüncü tərəf ancaq Fransa olmağa daha israrlıdır. Avropa Parlamentinə seçkilərdə Makron hakimiyyətinin məlum uğursuzluğu əsasən baş nazirin xarici siyasəti ilə bağlılığı faktdır. Cənubi Qafqaz siyasətinə görə, Fransanın daxili milli məsələlərdə Azərbaycan tərəfindən layiqli cəzalandırılması Fransanı bu istiqamətdə daha ehtiyatlı və mərhələli hərəkət etməyə məcbur edib. Ancaq Ermənistanla Azərbaycan arasında şərti sərhəddə beynəlxalq nəzarət mexanizmi də əsas variantlardandır. Təklif həm də rəsmi İrəvanın "sülh istəyini" nümayiş etdirməkdir.
Təklif özlüyündə, Ermənistanın KTMT - dan çıxmasının artıq rəsmi şəkildə müzakirə predmetinə çevrilməsi fonunda, Rusiyanın Ermənistandan çıxarılması üçün Qərbin istifadə etmək istədiyi əlavə bir vasitədir. Ümumiyyətlə Ermənistan- Azərbaycan münasibətlərində Fransa başda olmaqla Qərbin iştirakı, prosesləri idarə etmək, rıçaqları yaratmaq Rusiya faktoru ilə və Rusiyaya qarşı siyasətlə bağlıdır. Əlbəttə ki, Qərbin istəklərinin özəyində antitürk və anti islam yanaşması əsas çəkisini həmişə saxlayır.
Vüqar Dadaşov
Hüquqşünas