"Uğur əngəl tanımır"adlı konfrans keçirilib
21 İyun 2024 21:30 SiyasətPaytaxt Bakıda "Emedia Group" Media Təşkilatı tərəfindən "Uğur əngəl tanımır" adlı konfrans keçirilib. Konfransda Azərbaycan Autizm Assosiasiyasının Prezidenti, millət vəkili Jalə Əhmədova da iştirak edib. Olaylar-ın məlumatına görə, bu barədə millət vəkili özü məlumat verib: "Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına həsr olunan konfransda ictimai siyasi xadimlər, ziyalılar, iş adamları, tanınmış incəsənət nümayəndələri, QHT sədrləri, həkimlər o cümlədən media mənsubları iştirak edirdi.
Tədbirin açılışında çıxış edən "Emedia Group" Media Təşkilatının sədri Elşən Əliyev, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ərsəyə gətirdikləri "Uğur əngəl tanımır" videoçarxı haqqında məlumat verdi. Bildirdi ki, videoçarxda yer alan autizm spektr pozuntusundan, Daun sindromundan, kistik fibrozdan əziyyət çəkən və koxlear implantlı uşaqlar sağlamlıq imkanları məhdud uşaqların səsi oldular.
Konfransda millət vəkili və Azərbaycan Autizm Assosiasiyasının prezidenti olaraq mən də çıxış etdim. Autizm spektrli pozuntusu olan şəxslərin, əlilliyi olan bütün şəxslərin və ailələrinin üzləşdikləri çətinliklərdən, ölkəmizdə bu kateqoriyadan olan şəxslərə dövlətin dəstəyindən, dövrün ən aktual problemlərindən biri olan autizmlə bağlı cəmiyyətin maarifləndirilməsi və bu yöndə təbliğat işlərinin aparılmasının vacibliyindən danışdım. Əlilliyi olan şəxslərin bir-birinə dəstək olmasının, əngəlləri birgə aşmasının ən doğru yol olmasını vurğuladım. Çıxışımın sonunda hər zaman həssas kateqoriyalı insanların yanında olan, öz qayğısını, dəstəyini əsirgəməyən ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin təşəkkürümü bildirdim".