Türk dövlətlərinin birliyi möhkəm təmələ əsaslanır- ÖZƏL
21 İyun 2024 12:01 Siyasət"Türk Dövlətləri Təşkilatında bir araya gələn ölkələrin siyasi partiyalarının qarşılıqlı faydalı əməkdaşlığı da müştərək məqsədlərin həyata keçirilməsində əhəmiyyətli rol oynayır".

Olaylar xəbər verir ki, bunu millət vəkili Malik Həsənov Milli Qurtuluş Günündə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şuşada keçirilən "Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru" mövzusunda beynəlxalq konfransa dövlət başçısı İlham Əliyevin tədbir iştirakçılarına müraciətinə münasibət bildiriərkən deyib:
"Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümünə həsr edilən beynəlxalq konfransda hazırkı dövrün çağırışlarına bir daha diqqət yönəldilərək bildirildi ki, hər bir beynəlxalq əhəmiyyətli tədbir məqsədlərə doğru atılan mühüm addımdır. Türk Dövlətləri Təşkilatının dünya miqyasında böyük bir güc mərkəzinə çevriləcəyi qaçılmazdır. Bu birlik möhkəm təmələ əsaslanır və atılan addımlar onu daha da möhkəmləndirir. Ölkələr arasında əlaqələrin inkişafında siyasi partiyaların rolu inkaredilməzdir. Bu baxımdan Yeni Azərbaycan Partiyasının hər bir qərarı, təşəbbüsü təqdir edilir, birliyimizin, həmrəyliyimizin möhkəmləndirilməsinə töhfə kimi diqqətdədir. Cənab İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd etdiyi kimi, yeni ittifaq modeli kimi dünyanın diqqət mərkəzində olan Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrin sıx həmrəylik şəraitində dostluq və qardaşlıq prinsiplərinə, qarşılıqlı anlaşmaya, bərabərhüquqlu tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətləri həm milli və regional səviyyədə, həm də qlobal miqyasda sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir".
Alim Hüseynli
Olaylar.az