COP29 vaxtı artıq ölkə parlamenti tam tərkibdə, hazır vəziyyətdə olacaq- ÖZƏL

"Azərbaycan qələbə qazandıqdan sonra ilk dəfə ölkəmizin bütün ərazilərində növbədənkənar prezident seçkiləri keçirildi və 2024-cü ilin fevralında keçirilən bu seçkilər müstəqillik tariximizdə ilk dəfə idi ki, bütün ölkə ərazisində keçirilmişdi". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib:

"İndi isə ilk dəfə bütün ölkə ərazisində keçirilən prezident seçkilərindən sonra Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması zamanıdır. Milli Məclisdə növbədənkənar seçkilər zamanı artıq Qarabağ və Zəngəzuru təmsil edəcək millət vəkillərinə elə məhz oraya qayıdan insanlar etimad göstərəcəklər. Bu dəfə mandatı doğma Qarabağdakı seçkilərdə qazanacaqlar ki, bunun da çox böyük tarixi əhəmiyyəti var. Azərbaycanda parlament seçkiləri 2024-cü ilin noyabrında keçirilməli idi. Amma bilirik ki, 2024-cü  ildə dünya səviyyəli COP29 tədbirinə Azərbaycanın evsahibliyi edəcək. Ona görə də Yeni Azərbaycan Partiyasından olan millət vəkilləri seçkilərin iki ay əvvəl keçirilməsini təklif ediblər. COP29 kimi mötəbər tədbirlə eyni vaxtda seçki kampaniyasının təşkili, səsvermənin keçirilməsi təbii ki, mümkün deyil. Ona görə də seçkilərin vaxtının dəyişməsi həm COP29-u layiqli şəkildə keçirməyə imkan verəcək. Eyni zamanda, COP29 vaxtı artıq ölkə parlamenti tam tərkibdə, hazır vəziyyətdə olacaq. Bu baxımdan Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı cənab Prezidentə müraciət edilməsi kifayət qədər önəmli, vacibdir, indiki dövrün tələbi və çağırışıdır. O baxımdan da bunları nəzərə aldıqda həm də müstəqillik tariximizdə işğal bitmiş ölkədə ilk dəfə millət vəkilləri seçiləcəklər ki, bu da çox böyük əhəmiyyətə malikdir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31