İstənilən halda Fransa regionda öz məqsədlərinə, məkrli planlarına nail ola bilməyəcəkdir- ÖZƏL
20 İyun 2024 17:57 Siyasət"Son zamanlar Ermənistanın intensiv şəkildə silahlanması Cənubi Qafqazın gündəliyini zəbt edən vacib məsələlərdən biridir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib:
"Niyə görə? Çünki bir tərəfdən Cənubi Qafqazda İkinci Qarabağ müharibəsində daimi sabitliyə və sülhə doğru imkanlar açılıb və bu imkanları Azərbaycan açdı. Amma digər tərəfdən bu imkanların açılmasında maraqlı olmayan, əksinə regionda yeni münaqişə ocağına çevirən güclərin olduğunun şahidiyik və bunlardan biri də sözsüz ki, Fransadır. Digər tərəfdən, Ermənistanın riyakar siyasəti, bir tərəfdən sülhdən dəm vuraraq, digər tərəfdən də Fransadan intensiv şəkildə silahlanmağa davam etməsi onu göstərir ki, Ermənistan hal hazırda sülhdə maraqlı deyildir və bu silahlanmanın nəticəsində sözsüz ki, yeni münaqişə ocaqları yarana bilər, yeni təxribatlar törəyə bilər. Ən son Naxçıvan istiqamətində Ermənistanın həyata keçirdiyi təxribat da bunun sübutudur. Çexov demişkən, birinci pərdə də divardan silah asılıbsa, son pərdəyə kimi, o silahdan istifadə olunacaq. Yəni Ermənistan bu gün Hindistandan, Fransadan, Yunanıstandan silah alırsa, bu silahları böyük ehtimalla istifadə etmək niyyətindədir. Sual yaranır ki, hansı ölkəyə qarşı? Aydın məsələdir ki, İrana, Türkiyəyə, Gürcüstana qarşı deyil. Bu da sözsüz ki, Ermənistanın sülh gündəliyini şübhə altına alan məqamlardan biridir. Bir neçə gün öncə Ermənistan Müdafiə Naziri Suren Papikyan bilirik ki, Parisə səfər etmiş və bu səfər çərçivəsində fransalı həmkarı Sebastyan Lekorunu ilə görüşmüş və iki ölkə arasında hərbi texniki əməkdaşlıq sahəsində bir sıra razılaşmalar imzalanmışdır. Daha sonra Sebastyan Lekorunun mətbuata verdiyi açıqlamasında bildirdi ki, Fransa bundan sonra Ermənistana 155mm-lik kalibrə malik "sezar" özüyeriyən artilleriya qurğuları satacaqdır. Bu qurğuların birinin dəyəri təxminən 7 milyon dollardır və bu qurğular hardasa 50-55 km məsafədəki hədəfi vura bilirlər. Yəni Ermənistanın Fransadan bu kimi silahlar alması onu göstərir ki, Ermənistan özünün təcavüz hücuma meylli siyasətindən əl çəkməyib.
Həmin gün Papikyan eyni zamanda Fransadakı məşhur KNDS şirkəti ilə də görüşüb. Həmin şirkətin rəhbərliyi ilə hərbi texniki əməkdaşlıq barədə razılaşmaya imza atmışdır. Qeyd etmək lazımdır ki, KNDS zirehli texnika, tanklar, artilleriya qurğuları istehsal edən bir şirkətdir. Bu o deməkdir ki, Ermənistan gələcəkdə Fransadan tanklar da ala bilər. Qeyd etmək lazımdır ki, Fransa, Ermənistan hərbi əməkdaşlığının izləri 2023-cü ilin oktyabr ayına gedib çıxır. Həmin vaxt Ermənistan müdafiə naziri Papikyan Parisə səfər etmiş və iki ölkə arasında hərbi sahədə əməkdaşlıq sazişi imzalanmış, daha sonra Fransadan Ermənistana Bastion zirehli maşınlara göndərilmiş, ondan üç -4 ay sonra, fevral ayının 23-də Ermənistan Fransa münasibətləri tarixində ilk dəfə olaraq Fransanın müdafiə naziri Sebastyan Lekorunu ilk dəfə olaraq Ermənistana səfər edərək iki ölkə arasında əlavə hərbi texniki sahədə sazişlər imzalanmış və Fransanın Ermənistana gecəgörmə qurğuları, o cümlədən, GM radar sistemlərinin verəcəyi məlumatı həmin vaxt səsləndirilmişdir. Bu onun göstəricisidir ki, Ermənistan alova körüklə gedir və həmin alova da Ermənistana salan məhz Fransadır. Sual yaranır ki, niyə görə bu iki ölkə arasında hərbi əməkdaşlıq baş verməkdədir? Ermənistanı nəyə görə intensiv şəkildə silahlandırılır? Bunun əsas üç səbəbi var. Birincisi odur ki, Paşinyanla Makron arasında olan şəxsi münasibətlər və bu münasibətlərin fonunda Paşinyanın birbaşa Makrondan bu silahların əldə edilməsini istəməsi mən deyərdim, hətta yalvarmasıdır. Çünki Rusiyadan, KTMT-dən uzaqlaşan Paşinyan üçün bir təhlükə mövcuddur və bu təhlükə fonunda Paşinyan Fransadan bir növ kömək əli umur, Fransanın dəstəyinə ümid edir. Bu baxımdan mən əminəm ki, telefon danışıqlarında özü birbaşa Fransa Prezidentindən bu kimi silahların əldə edilməsini istəyir. İkincisi, Fransa özü də bunda maraqlıdır. Çünki Fransa Cənubi Qafqaz regionunda təsir dairəsini genişləndirməyə çalışır. Bilirsiniz ki, Fransa Rusiya rəqabəti dünyanın müxtəlif ölkələrində, müxtəlif regionlarında baş verməkdədir- həm Afrikada, həm Uzaq Şərqdə, Sakit okean, Hind okean hövzəsində, o cümlədən də Ukraynada və Cənubi Qafqazda. Bu baxımdan Afrikadan sıxışdırılan Fransa revanş kimi Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa çalışır və bunun üçün də Ermənistandan forpost kimi istifadə edir. Belə olan halda Ermənistanın və Ermənistan hakimiyyətinin təhlükəsizliyinin təminatçısı rolunda çıxış etməyə çalışır ki, məhz bunun üçün də Ermənistanı intensiv şəkildə silahlandırmağa qərar vermişdir. Bu prosesin nəticəsi nə ola bilər? Sözsüz ki, bu, təhlükəli bir prosesdir. Çünki bir ölkənin militarizasiyası ətraf ölkələrin də bir növ narahatlığına və onların da militarizasiyasına, silahlanmasına gətirib çıxara bilər ki, bu da bütün regionda təhlükəsizliyi təhdid edən amildir. Buna siyasətdə təhlükəsizlik dilemması deyirlər. Yəni A ölkəsinin silahlanması B ölkəsinin və digər ölkələrin silahlanmasına gətirib çıxarır ki, bu da ən sonda regionun növbəti münaqişə ocağına çevrilə biləcəyi ehtimalını artırmış olur. İstənilən halda Fransa regionda öz məqsədlərinə, məkrli planlarına nail ola bilməyəcəkdir. Azərbaycan buna qarşıdır. Türkiyə buna qarşıdır. Hər nə qədər Rusiya özü də bir imperialist ölkə olsa da, Fransanın regionda qüvvətlənməsini istəməyəcəkdir. Mən düşünürəm ki, Ermənistanın indiki siyasəti yanlış siyasətdir. Çünki bir ölkədən olan asılılıqdan qurtulmaq üçün Ermənistan Fransanın timsalında öz ipini başqa bir ölkənin əlinə verir. Bu da sözsüz ki, Ermənistanın müstəqil ölkə kimi inkişafına maneçilik törədən faktordur".
Zeynəb Rzayeva