Ermənistanın nicata aparan yolu məhz bizimlə barışıqdan keçir- ÖZƏL

"Ermənistanın silahlanması Ermənistana zorla sırınan bir yanaşmadır. Əslində Ermənistanın siyasi rəhbəri, indiki baş nazir Nikol Paşinyan başa düşür ki, bu onun ölkəsinə, xalqına heç də lazım olan bir dəstək və ya xidmət deyil. Amma çıxılmaz vəziyyətdən razılaşmalı olur. Çünki Nikol Paşinyan da, onun hərbçiləri də gözəl başa düşürlər ki, Azərbaycanla artıq güc vasitəsilə haqq-hesab çürütmək, münasibəti həll etmək mümkünsüzdür". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib:

"Çünki Azərbaycan çox güclüdür və digər tərəfdən də biz xəbərdarlıqlarımızı etmişik. Sadəcə bölgədə sülh prosesinin gedişatı demək olar ki, Fransanın və ümumiyyətlə, Qərb qüvvələrinin ürəyincə deyil. O da ondan irəli gəlir ki, onlar bu bölgədə özlərinin fiziki mövcudluğunu görmək istəyirlər. Təsadüfi deyil ki, Ermənistanın ərazisində guya Avropa İttifaqını təmsil edən neçə yüz müşahidəçilər var. Onlar əslində heç də müşahidəçi deyillər. Keçmiş və indiki casuslar, agentlər, jandarmlardır. Rusiya ilə İran arasında olan bu məsafəni faktiki olaraq öz baxış bucaqlarından nəzarətdə saxlayırlar və çalışırlar ki, yavaş-yavaş Ermənistanın ərazisində plazdarm planını yerinə yetirsinlər. Ermənistanın qayğısına qalan istər Amerika, istər Fransa, ya başqası Ermənistana silah sursat verməli deyil, əksinə investisiya, texnoloji dəstək göndərməli, Ermənistan üçün antiböhran proqramını işləyib ona təqdim etməlidir. Bir halda ki, onlar Ermənistanı- müharibədə Azərbaycana məğlub olmuş ölkəni yenidən silahlandırırlarsa, deməli, bunlara yeni eskalasiya, qarşıdurma, gərginlik lazımdır və o bəhanə ilə bura yol tapmaq istəyirlər. Təsadüfi deyil ki, bu yaxınlarda may ayının doqquzu onu prezident İlham Əliyev Şuşada olarkən bir daha xəbərdarlıqlarını etdi ki, əgər ermənilər silahlanmada, özlərinin digər hazırlaşma işlərində qırmızı xətlərə yaxınlaşsalar, biz heç kəslə müzakirə etmədən onlara cavab verəcəyik. Yəni susduracağıq, yəni dəmir yumruq yenə öz işini görəcək. Bu çox aydın bir məsələdir və burada Ermənistan üçün heç bir perspektiv yoxdur. Ermənistanın ən gözəl perspektivi Azərbaycanın verdiyi şərtlər əsasında sülhə hazırlaşmaq, bizim təkliflərimizlə planımıza adekvat cavab verməkdir. Bilirsiniz ki, Azərbaycan hətta belə yol xəritəsi səviyyəsində olan bir plan irəli sürüb və əgər Ermənistan ondan imtina edirsə, deməli, bu onun öz xoşu ilə edilən imtina deyil. Onu vadar edirlər ki, o çox ağrılı, məşəqqətli və təhlükələr dolu yola yenidən qayıtsın. Güman edirəm ki, Ermənistan siyasi rəhbəri, xüsusilə də Paşinyan başda olmaqla bir qrupun kifayət qədər bilikləri, bacarıqları və təhlil qabiliyyətləri var ki, anlasınlar: Qərb onları aldadır. Qərb onları müharibə yoluna sürükləyir, çünki bu, Qərbə lazımdır. Onlar çalışırlar ki, İranın şimalında və Rusiyanın cənubunda özləri üçün bir plazdarm yaratsınlar. Bunu eliyirlər və gözəl də bilirlər ki, Ermənistan indi müharibə aparmaq iqtidarında deyil, ona başqa tip, başqa növ dəstək lazımdır. Odur ki, indi bu proseslər hamısı bizim gözümüzün önündə gedir. Bunun görünən tərəflər də var, görünməyən tərəflər də var və əvvəl axır Ermənistan, bu yolda yenə də vaxt itirəcək və heç bir şey əldə edə bilməyəcək. Onun ən yaxşı çıxışı ondan ibarətdir ki, Azərbaycanla Türkiyənin dediklərinə qiymət versin, onları dəyərləndirsin və anlasın ki, Ermənistanın nicata aparan yolu məhz bizimlə barışıqdan keçir. Bunun alternativi yoxdur".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31