Bütün planların fövqündə tarixi türk düşmənçiliyi amili dayanır- ÖZƏL
20 İyun 2024 16:51 Siyasət"Ötən gün Fransanın Ermənistana "Caesar" özüyeriyən artilleriya qurğuları satması xəbərindən sonra Azərbaycan Müdafiə Nazirliyinin və Prezidentinin köməkçisinin bu addımı qınamasına Ermənistan tərəfi cavab verib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib:
"Ermənistan XİN-in təbirincə, "müasir silahlarla təchiz edilmiş ordu saxlamaq hər bir dövlətin suveren hüququdur".
Bu baxımdan rəsmi Yerevan Ermənistan-Fransa hərbi-texniki əməkdaşlığına rəsmi Bakının reaksiyasının çaşqınlıq yaratdığını bildirib.
Əslində Fransanın Ermənistanı dəstəkləməsi də, ermənidən çox erməni olması da, silahlandırması da bizim üçün təəccüblü deyil. Bu, Parisin ənənəvi, xüsusən 2020-ci ildən həyata keçirdiyi siyasətdir. Lakin indiki geosiyasi reallıqlar kontekstində bu saziş, müdafiə xarakterli silahlardan öldürü-hücum silahlarına keçid müəyyən məqamlardan xəbər verir. İlkin faktor Paşinyanın KTMT üzvlüyündən aşkar şəkildə imtina etməsidir. Bu baxımdan militarizasiya siyasəti Ermənistanda Rusiyanın Fransa ilə əvəzlənlə planlarından xəbər verir.
İkinci faktor Fransa Milli Assambleyanın buraxılması və yaxın günlərdə keçiriləcək parlament seçkiləri ilə bağlıdır. Avropa Parlamentinə keçirilən seçkilərdə məğlub olan hakim partiya parlament seçkilərində də eyni nəticəni göstərə bilər. Məğlubiyyətdən yayınmaq üçün Makronun erməni icmasının dəstəyinə ehtiyacı var. Seçki yarışında yarım milyondan çox səsvermə hüququ olan ermənilərdən dəstək Makronun böyük miqyasda işinə yaraya bilər.
Bu məqamlar indiki reallıqlar fonunda diqqət çəksə də, ümumən Fransanın əsas hədəfi Cənubi Qafqazda sabitliyə, sülhə xələl gətirmək, münaqişə vəziyyəti yaratmaq və bu vəziyyət üzərindən müvafiq regionda çirkin planlarını həyata keçirməkdi. Bütün planların fövqündə isə tarixi türk düşmənçiliyi amili dayanır".
Zeynəb Rzayeva